Slovakiyanın Baş Qərargah rəisi ilə ANAMA-da görüş keçirilib

30-10-2026

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.    


Görüş zamanı Agentliyin tarixi, fəaliyyəti, ölkəmizdə mövcüd mina probleminin miqyası, bu problemin yaratdığı fəsadlar və işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə nümayəndə heyətinə məlumat verilib.Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsi əhalinin təhlükəsizliyinin təmin olunması, infrastruktur layihələrinin icrası, iqtisadi fəaliyyətin bərpası və Böyük Qayıdış prosesinin davamlı şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Görüşdə, gələcək əməkdaşlıq imkanları, Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə Slovakiya Respublikasının mümkün dəstəyi, təlimlər, təcrübə və bilik mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.