“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” konfransından
02-09-2026
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb.
Cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən 4-cü beynəlxalq minatəmizləmə konfransının mövzusu “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi”-dir.
Konfrans, Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi 4-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT Agentliklərinin nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öz təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu ilki konfransın mövzusu Azərbaycanın təcrübəsini birbaşa əks etdirir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində şəhərlərin bərpası tikinti işlərindən deyil, ilk növbədə ərazilərin təhlükəsizliyinin təmin edilməsindən başlayır. Ailələr öz evinə qayıtmazdan əvvəl yaşayış məntəqəsi, ora aparan yollar, su və enerji xətləri, eləcə də həmin ərazinin ətrafındakı torpaqlar mina və digər partlayıcı sursat təhlükəsindən təmizlənməlidir. O vurğulayıb ki, məhz buna görə də humanitar minatəmizləmə bərpa prosesinin başlanğıc mərhələsini təşkil edir. Azərbaycan bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır, eyni zamanda digər ölkələrin təcrübəsini öyrənmək üçün bu platformanı təşkil edir. Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Çirklənmiş ərazilərdən təhlükəsiz və dayanıqlı bərpaya keçidi təmin etmək üçün beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiyalar və güclü milli təşəbbüskarlıq zəruridir.
Hayat Nasar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisinin adından danışaraq mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan hökuməti və ANAMA arasında əməkdaşlığın təməl daşı olduğunu qeyd edib. O bildirib ki, 2026-2030-cu illər üçün yeni Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasənda biz ANAMA-nı dəstəkləməyə sadiqik. Hələ çox iş görülməlidir və daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır. Mina çirklənməsi milli bir problem ola bilər, lakin minatəmizləmə fəaliyyəti qlobal bir məsuliyyətdir: bir ölkədə inkişaf etdirilən təcrübə, texnologiya və dərslər bir çoxlarına fayda verə bilər.
İki gün davam edəcək konfrans çərçivəsində aparılacaq müzakirələr və təcrübə mübadiləsi humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin inkişafına töhfə verəcək. Konfrans, həmçinin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfələri təqdim etmək üçün mühüm platformadır.




















