Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub
Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.
Mina təhlükəsi ilə mübarizə istiqamatində icra edilən fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq mediaturlar təşkil edilir.
Növbəti mediatur Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonuna təşkil edilib.
Məlum olduğu kimi Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.
Mediatur çərçivəsində ANAMA tərəfindən Ağdam rayonunun Sarıcalı kəndi və Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Mollalar, Kürdlər və Əlimədətli kəndləri ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində
37 154 hektar ərazi təmizlənib, 31 500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.









