ANAMA Tokioda keçirilən beynəlxalq konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlərdə iştirak edib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.
Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzinin (GICHD) direktoru Tobias Privitelli, ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rotna But,BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Rodrige Vinet və Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini İşikava Masaki ilə görüşüb.
Mina təhlükəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilat olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzinin direktoru Tobias Privitelli ilə görüş zamanı cari ildə həmin Mərkəzlə Agentlik arasında imzalanmış “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair” Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.
Konfrans çərçivəsində keçirilən növbəti görüş ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rotna But ilə baş tutub. Görüşdə ARMAC, ona üzv ölkələrin minatəmizləmə qurumları və ANAMA arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Rodrige Vinet ilə görüşdə minatəmizləmə əməliyyatlarının ekologiya və ətraf mühitə təsirinin azaldılması yolları nəzərdən keçirilib.
Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşdə isə mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq və Yaponiyanın ölkəmizdəki humanitar minatəmizləmə fəaliyyətinə dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.



