“Qayıdış Könüllüləri” Ağdam rayonunda humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub

Minalar və partlamamış hərbi sursatların təhlükəsi Azərbaycan və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən problemlərdən biridir. Minalanmış ərazilərin təmizlənməsi və mina təhlükəsi barədə ictimaiyyətin məlumatlandırılması ANAMA-nın əsas fəaliyyət istiqamətlərindən biridir. Lakin bu fəaliyyətin yalnız texniki işlərlə məhdudlaşmaması, ictimai dəstəyin və vətəndaş məsuliyyətinin artırılması da olduqca vacibdir.

Xüsusilə gənclər arasında mina təhlükəsinə dair maarifləndirmənin aparılması, könüllülərin bu prosesə cəlb edilməsi, həmçinin sosial və təbliğat yönümlü tədbirlərdə gənclərin iştirakı böyük önəm kəsb edir.

Bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Qayıdış könüllülərinin Ağdam rayonuna infoturuna start verilib.

İnfotur çərçivəsində könüllülər ANAMA tərəfindən Ağdam rayonunun Nəmirli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub. Ərazilərin təmizlənməsi metodologiyaları, minaaxtaranın istifadə etdiyi alət və avadanlıqlar, mina və partlamamış hərbi sursatların nümunələri nümayiş olunub, minaların təhlükəsi, törədə biləcəyi fəsadlar barədə məlumat verilib.

Mina təhlükəsi ilə mübarizədə ictimai iştirakçılığın və gənclərin fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi məqsədilə könüllülərin iştirakı ilə Agentliyin Ağdam mobil bazasında panel müzakirələr keçirilib.

Səfər çərçivəsində Qayıdış Könüllüləri ANAMA-nın yaradılmasının 27 illiyi münasibəti ilə minaaxtaranlara məsuliyyətli və fədakar fəaliyyətlərinə təşəkkür olaraq fləşmob təşkil edib.

Belə səfərlərin nəticəsi olaraq gələcəkdə könüllülər Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali arasında mina təhlükəsinə dair təbliğat və təşviqat, maarifləndirmə işlərində öz töhfələrini verə biləcəklər.

Qeyd edək ki, gənclərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə infoturlar, eləcə də maarifləndirmə tədbirləri həyata keçiriləcək.