Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Problemin miqyası

Azərbaycanda mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları və tərkibində partlayıcı olan qurğular problem Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmışdır. 1994-cü ildə döyüş əməliyyatları dayandırılsa da, hələ də daimi sülh əldə olunmayıb (danışıqlar ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında Minsk Qrupu çərçivəsində aparılır). Bütün bunlara baxmayaraq, müharibədən zərərçəkmiş ərazilərdə 1996-cı ildən etibarən bərpa işləri aparılmaqdadır.

Həm strateji planlaşdırma, həm də əməliyyatların planlaşdırılması üçün mina probleminin həcmini araşdıran ANAMA xaricdən gələn dəstək də daxil olmaqla bütün mümkün yol və üsullara müraciət edir. Bu mənada 2001-ci ildə ümumi tədqiqat (1-ci səviyyəli tədqiqat) aparılmış və 2002-ci ilin sentyabr ayından 2003-cü ilin iyun ayına qədər 18 rayonda Tədqiqat Əməliyyatları Mərkəzi (SAC) ilə birlikdə Mina Təsirin Tədqiqatı həyata keçirilmişdir.

Mina Təsirinin Tədqiqatı nəticəsində minadan zərərçəkən 480 və PHS-dən zərərçəkən 163 icma aşkar edilmişdir. Təhlükə ehtimalı olan cəmi 970 ərazinin təxminən 514 000 nəfərin təhlükəsizliyinə və yaşayışına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Həmçinin Mina Təsirinin Tədqiqatı nəticələrinə görə 736 mln.kv.m ərazinin mina və PHS-lə “yüksək” səviyyədə çirkləndiyi müəyyən olunmuşdur. Bu ərazilərin hamısı atəşkəs xətti boyunca yerləşən müharibə təsirinə məruz qalan və Ermənistanla sərhəd rayonlarda yerləşir. Mina ilə çirklənmənin ən yüksək səviyyəsi Füzuli, Ağdam və Tərtər rayonlarında, PHS-lə çirklənmənin isə Ağstafa rayonunda qeydə alınmışdır.

2006-cı ilin sonunda Hökumətin tapşırığı və ANAMA rəhbərliyinin müraciəti əsasında mina/PHS-dən zərərçəkən 11 rayonda yerli icra hakimiyyətlərinin iştirakı ilə təkrar tədqiqat həyata keçirildi. Onların hesabatı Mina Təsirinin Tədqiqatı hesabatını qismən təsdiq etdi. Təkrar tədqiqatın nəticələri göstəriciləri 306 mln.kv.m-dək azaltdı. Tədqiqat zamanı həmçinin bir neçə yeni ərazinin çirklənmiş olduğu aşkar edildi. ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu mina/PHS-lə çirklənməyə dair müxtəlif mənbələrdən daxil olmuş məlumatları xüsusi təkrar tədqiqat prosesində yoxlayaraq nəzərdən keçirəcək. Müxtəlif mənbələrdən əldə edilən məlumatlara görə 2019-cu ildə ANAMA 10 nəfərin yaralanması və 2 nəfərin ölümü ilə nəticələnən 5 mina hadisəsi qeydə almışdır.

Ümumi tədqiqat nəticəsində (2000-2001) ANAMA-nın minadan zərərçəkənlər siyahısına 1979 nəfər daxil edilmişdir. Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi Tədqiqatı (2004) zamanı minadan zərərçəkən 1883 nəfərdən müsahibə götürülmüşdür. Minadan zərərçəkənlərə yardım layihəsi və məlumatların təkrar yoxlanılması nəticəsində Azərbaycanda minadan zərərçəkənlərin sayı 1839-a düşmüşdür.

Hal-hazırda işğal altında olan ərazilərdə mina/PHS-lə çirklənmənin miqyasını təyin etmək mümkün deyildir. Dağlıq Qarabağdan başqa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları bütövlükdə, Füzuli, Tərtər, Ağdam rayonlarının isə bir hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Mina/PHS-lə yüksək çirklənmə səviyyəsi olan bu rayonlarda 350 mln.kv.m-dən 830 mln.kv.m-dək ərazidə 50 000-dən 100 000-dək mina yerləşdirildiyi güman olunur.