Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Proqramı Etimad fondunun ikinci Layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsi:

 

Əsas göstəricilər:

- Siyasi Tərəfdaşlıq Komitəsində 2011-ci ilin oktyabr ayında Etimad Fondu açıq elan edildi
- 2012-ci ilin Aprel ayında Minatəmizləmə əməliyyatları başlandı
- 2013-cü ilin Noyabr ayında Layihənin II mərhələsinə dair plan Siyasi Tərəfdaşlıq Komitəsinə təqdim edildi
- Ceyrançöl Layihəsi 1-ci mərhələ (2012-2014-cü illər) 19 mln. kv.m-dən artıq ərazi  təmizlənmiş, 14 827 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir
- Ceyrançöl Layihəsi 2-ci mərhələ (2014-2016-cı illər) 25 mln. kv.m-dən artıq ərazi təmizlənmiş, 1553 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir
- Ceyrançöl Layihəsi 3-cü mərhələ (2017-2018-ci illər) 22 mln. kv.m-ə yaxın ərazinin təmizlənmiş, 2 146 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

Layihənin ilk iki Mərhələsində rəhbər dövlət ABŞ, sonuncu mərhələsində isə Türkiyə Respublikası olmuşdur. Bu layihədə donor ölkə qismində Almaniya, Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ dövlətləri olmuşdur. Azərbaycan Höküməti bu vəziyyətlə bağlı dərindən maraqlanmış və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırmışdır.

Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradırdı. Böyük ərazidə ətrafa səpələnmiş partlamamış hərbi sursatlar sosial-iqtisadi inkişafa güclü maneə törədərək ərazinin istifadəsini mümkünsüz edirdi. Layihənin məqsədi bu əraziləri təmizləməkdən ibarətdir.

2009-cu ildə keçirilmiş tədqiqat zamanı, ərazidə çoxlu sayda müxtəlif çaplı artileriya mərmiləri, tank mərmiləri, tank əleyhinə minalar və digər partlayıcı maddələrrin olması qeydə alınmışdır. Bu mərmilərin əksəriyyəti lülədən atılmış lakin partlamayaraq daha təhlükəli və həssas vəziyyətə gəlmişdir. Sınaqlar zamanı hədəflərin yerləşdiyi ərazinin ətrafında çoxlu sayda mərmilər mövcud idi və əksəriyyəti yerə batmış vəziyyətdə idi. Layihənin I mərhələsinə aid olan ərazinin 7 kvadrat kilometrlik hissəsi həm təlim, həm də həqiqi minalarla çirklənmişdir, döyüş vəziyyətində olan minalardan fərqli olaraq təlim minalarının tərkibində olan partlayıcı maddə canlıya zərər verəcək qədər təhlükəli idi. Bu səbəbdən ərazidə patrul xidməti aparan sərhəd xidməti əməkdaşları bu təhlükə səbəbindən patrul xidmətini lazımi şəkildə yerinə yetirə bilmirdilər.

Təqribən 64 milyon kvadrat metri əhatə edən Ceyrançöl ərazisi 3 mərhələyə bölünərək hər biri 20 milyon kvadrat metrə yaxın olan hissələrə bölünmüşdür. İlk mərhələ poleqonun qərb hissəsində yerləşən 19 milyon kvadrat metri əhatə etmiş, poleqonun qərb hissəsində və 28 ay ərzində təmizlənərək Aprel 2012 - İyul 2014-cü il tarixlərdə yerinə yetirilmişdir. Əməliyyatlar zamanı 14,827 ədəd müxtəlif partlamamış hərbi sursat tapılaraq məhv edilmişdir. Partlayıcı maddələrdən əlavə olaraq ərazidə çoxlu sayda sursat fraqmentləri və dağıntılar təmizlənmişdir.

Layihənin II-ci mərhələsi 2016-cı ilin dekabr ayında tamamlanmış və 1,553 hərbi sursat və onlarla ton metal və digər fragmentlər toplanaraq ərazidən kənarlaşdırılmışdır. Layihənin III-cü mərhələsi 2017-ci ilin Yanvar ayında başlanmış, 22 milyon kvadrat metrə yaxın ərazini əhatə edərək 2,146 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir. Layihənin ərazisi II-ci mərhələyə bənzər lakin nisbətən az çirklənmiş və mina olmayan sahədir.

            

            

           

Layihənin həyata keçirilməsinin əsas səbəbləri

- Ərazinin yerli fermerlər və Dövlət Sərhəd Xidmətinin patrulları üçün təhlükəsiz vəziyyətə gətirmək
- Ərazinin yerli icra strukturları üçün əlverişli edərək kənd təsərrüfatı məqsədilə istifadəsini yararlı etmək
- Ərazidə yerləşən və milli əhəmiyyət kəsb edən arxeoloji qazıntılar ərazisinə keçid açmaq
- Ərazidə uzun müddət qalmış sursatların gələcəkdə dahada çətin tapılacağını və çox həssas vəziyyətdə olmasını nəzərə alaraq ərazinin dərhal təmizlənməsi zərurəti
- Beynəlxalq Neft-Qaz kəmərlərinin marşrutuna yaxın ərazilərdə mühafizəsiz olan partlamamış hərbi sursatlar ciddi təhlükə mənbəyidir.

  • Ceyrançöl layihəsinin icrasına başlamazdan öncə, ANAMA (Mart-May 2012), 48 əməliyyatçıdan ibarət olan qrupa təlim keçərək onu müvafiq avadanlıqla təmin etmiş, ərazidə heyətlərin və texnikaların yerləşdirilməsi məqsədilə keçidlər açmış və ərazinin bilavasitə yaxınlığında mobil düşərgə qurmuş və təfərrüatlı əməliyyat planı hazırlamışdır. İlk mərhələ poleqonun qərb hissəsində yerləşən 19 milyon kvadrat metri əhatə etmiş, poleqonun qərb hissəsində və 28 ay ərzində təmizlənərək Aprel 2012 - İyul 2014-cü il tarixlərdə yerinə yetirilmişdir. Əməliyyatlar əl ilə təmizləmə qrupları, minaaxtaran itlər və Bozena 5 tipli mexaniki minatəmizləmə vasitələrinin dəstəyi ilə həyata keçirilmişdir.
  • Layihənin II-ci mərhələsi (İyul 2014 - Dekabr 2016) 8 əl ilə təmizləmə qrupu və yeraltı sursatların çıxarılmasına dəstək vermiş mexaniki vasitələrlə 25 milyon kvadrat metri əhatə etmişdir. Layihə ərazisi əsasən açıq çöl sahələrindən ibarət olmuş və istifadə nəticəsində küllü miqdarda metal fraqmentlərlə çirklənmiş olmuşdur. Ərazidə minaların olması ehtimal edilmirdi və nəticə etibarı ilə də mina tapılmamışdı.
  • Layihənin III-cü mərhələsi, II-ci mərhələyə analoji olaraq nisbətən az 22 milyon kvadrat metrə yaxın ərazini əhatə etmişdir.