Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA İtlərinTəlim və yetişdirmə mərkəzini 2011-ci ilin dekabr ayında yaratmışdır. ANAMA-nın Göygöl Regional Təlim mərkəzinin balansında yaradılmış yeni mərkəzdə itlərin çoxaldılması və yeni doğulmuş küçüklərə ilkin təlim keçmək nəzərdə tutulub. Bu günədək Göygöl Regional Təlim mərkəzində 26 Alman Ovçarkası və Malinua iti doğulub. 2011-ci ildən bəri MAİ təlim mərkəzi 25 küçüyə təlim keçmiş və onları minatəmizləmə əməliyyatlarına hazırlamışdır. Onların hamısı akkreditasiyadan keçmiş və minatəmizləmə əməliyyatlarına cəlb olunmuşlar. ANAMA MAİ təlim mərkəzində 5 baş damazlıq MAİ vardır və onlara mütəmadi olaraq qulluq göstərilir ki, onlar yeni və sağlam küçüklərin doğulmasına hazır olsunlar. Yeni doğulmuş küçüklərin təlimi və əməliyyatlara cəlb olunması çox vacibdir. Beləki, Minatəmizləmə fəaliyyətində MAİ-lərin ən uzun işləmək ömrü təxminən 10 ilə bərabərdir. Məhz, buna görə, itlərin mütəmadi olaraq yetişdirilməsi və əməliyyatlara cəlb olunması vacibdir. MAİ təlim mərkəzində qrup rəhbəri, MAİ yetişdirmə təlim qrupunun assistenti və baytar həkim fəaliyyət göstərir.

KüçüklərinTəlimi

Yeni doğulmuş küçüklərin təlimi, onlar üçün hazırlanmış oyun meydançasında ilk 6 ay müddətində davam edir. 6 aydan sonrakı müddətdə küçüklər üçün təlimlər ANAMA-nın Füzüli rayonunda yerləşən xüsusi hazırlanmış sığınacaqda davam edir. Burada təlim gündəlik və daha mükəmməl həyata keçirilir və onlar xüsusi yeməklə təmin edilir. Burada onlar müxtəlif hava şəraitində təlimə cəlb olunurlar. İstər soyuq, yağışlı və istərsə də günəşli günlərdə küçüklərə təlim keçmək mümkündür. Belə bir sığınacağın olması təlimləri davamlı şəkildə keçməyə imkan verir. MAİ-lərə 18 aylıq təlim keçdikdən sonra onlar üçün ANAMA-nın Akkreditasiya üzrə mütəxəssisin rəyinə əsasən daha professional təlimə başlanılır. Bu zaman MAİ-lər açıq hava şəratində beynəlxalq standartlara əsasən hazırlanmış itlərin təlim mərkəzində təlimə cəlb olunurlar. Bu təlim zamanı MAİ-lərə xüsusi bələdçilər təyin edilir ki, o bələdçi həmin itlə uzun illər birlikdə işləyirlər. Təlim 6 ay davam edir və təlimin sonunda MAİ və Bələdçi akkreditə olunur. Akkreditasiyadan keçən MAİ və bələdçi minatəmizləmə əməliyyatlarına cəlb olunur. Hal hazırda ANAMA MAİ qrupunun heyəti 29 nəfər, MAİ bələdçilərinin sayı isə 16 nəfərdən ibarətdir. Əməliyyatlarda 41 MAİ iştirak edir.