AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Güzdəkdə Tərk edilmiş Hərbi Sursat Anbarlarinin Ərazisinin Təmizləmə Əməliyyatları

2009-cu il iyunun 10-dan etibarən Azərbaycan Hökumətinin tapşırığına əsasən ANAMA Qaradağ rayonunun Güzdək yaşayış məntəqəsində təmizləmə işlərinə başlamışdır. Bu, Azərbaycana SSRİ-dən miras qalmış ciddi PHS problemlərindən biridir. Qaradağ rayonu Azərbaycanın paytaxtı Bakı şəhərindən 20 dəqiqəlik məsafədədir. 4 hərbi hissəni sursatlarla təchiz edən keçmiş hərbi baza Güzdək qəsəbəsində yerləşirdi. 1991-ci ildə baş vermiş partlayış nəticəsində PHS hissələri böyük bir əraziyə səpələndiyinə görə davamlı olaraq yerli əhaliyə ciddi humanitar, sosial-iqtisadi ziyan dəymiş və ətraf mühit təhlükə altında qalmışdır. Hərbi baza 400 000 m2 ərazidə yerləşir və 20 anbar binasından ibarətdir. Bu ərazinin xarici sərhədinin piyada əleyhinə mina ilə qorunması haqqında dəlillər vardır. Partlayışdan sonrakı dövrdə 2 nəfərin ölümü ilə nəticələnmiş 10 bədbəxt hadisənin baş verməsi barədə məlumat daxil olmuşdur. Layihə çərçivəsində PHS-in yoxlanılması, təmizlənməsi, daşınması və zərərsizləşdirilməsi, minaların təsirinə məruz qalmış ərazilərin aşkar edilmiş əşyalardan təmizlənməsi işləri həyata keçiriləcək. Layihəyə əsasən  hərbi bazanın  əsas ərazisinin 400 000 m2-də yerüstü və yeraltı təmizləmə, habelə baza ərazisinin ətrafındakı 2,5 mln. m2  torpaq sahəsinin gözlə yoxlanılması (vizual) nəzərdə tutulur.  İlkin planlaşdırmaya əsasən təmizləmə əməliyyatlarının aparılması müddəti 12 ay nəzərdə tutulmuşdur. Əməliyyatlar zamanı ANAMA-nın Xüsusi Əməliyyat  Qrupu 1 336 253 m2 ərazini təmizləmiş, 33 mina və 2 228 PHS zərərsizləşdirilmişdir. Güzdək ərazisi sahəcə kiçik olsa da, Saloğlu ilə çox oxşarlığı var, ancaq bu əməliyyat zamanı aşkarlanan əşyalar istənilən mənada müxtəlifdir. Məsələn, ANAMA təcrübəsində ilk dəfə olaraq C-4 plastik partlayıcılara rast gəlmişdir. Aşkarlanmış bütün obyektlər, əşyalar Saloğluda tapılmış sursatlardan yaxşı vəziyyətdədir. Güzdəkdəki əməliyyatlar ABŞ Dövlət Departamenti  Siyasi-Hərbi Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi (63%) və Azərbaycan Hökuməti (37%) tərəfindən maliyyələşdirilir.