AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ƏMƏLİYYATLAR

Əməliyyatlar

ANAMA-nın Əməliyyat Şöbəsinin əsas vəzifəsi sahə əməliyyat heyətinin işinin planlaşdırılmasını, qiymətləndirilməsini, tapşırıqların hazırlanmasını və prioritetlərin müəyyənləşdirilməsini, həmçinin Azərbaycanda həyata keçirilən bütün humanitar minatəmizləmə əməliyyatlarına nəzarəti və onların əlaqələndirilməsini təmin etməkdən ibarətdir. Əsas hədəf əməliyyatların milli və beynəlxalq standardlara uyğun aparılmasını və minatəmizləmə potensialın effektiv və səmərəli istifadəsini təmin etməkdir.

Minatəmizləmə əməliyyatları Tərtər, Füzuli, Ağdam, Ağstafa, Gədəbəy, Gəncə, Bərdə və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır. Əməliyyat heyəti həmçinin soyuq hava şəraiti ilə bağlı qeyri iş günlərində mina təsirinə məruz qalmış ərazilərdə Mina Təhlükəsinə dair Maarifləndirmə fəaliyyətinə cəlb olunmuşdur.

ANAMA mina təsirinə məruz qalan icmalardan, humanitar yardımtəşkilarlarından, həmçinin yerli icra orqanlarından mütəmadi olaraq yaşayış evlərində, xəstəxanalarda, məktəblərdə, fabriklərdə, quyularda və həyətlərdə olan mina və PHS-in təmizlənməsi barədə müraciətlər alır.

ÇƏQ-ın ən geniş miqyaslı əməliyyatlarından biri 2009-cu ildə Samux rayonunun Qırmızı Samux ərazisində keçirilmişdir. Həmin ərazi SSRİ zamanında hava hücumundan müdafiə poliqonu kimi istifadə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən həmin ərazidə texniki tədqiqat keçirilmiş və 2,5 mln. kv.m. ərazinin PHS-lərlə çirkləndiyi aşkar olunmuşdu. Üç ay davam edən əməliyyatlardan sonra ÇƏQ tərəfindən 3 392 656 kv.m. ərazi təmizlənmiş, 398 PHS aşkar edilərək məhv edilmişdir. Tapılmış sursatlar arasında aviabombalar üstünlük təşkil etmişdir.

FHN ilə sıx əlaqə nəticəsində ANAMA bir neçə çağırışa dərhal cavab vermişdir. ANAMA həmçinin Sumqayıtda 1 artilleriya mərmisini, Sumqayıt alüminium zavodu ətrafında 1 mərmini, Bakının Şüvəlan qəsəbəsində 1 aviabombanı, Bakının Balaxanı qəsəbəsində 1 əl qumbarasını, Lökbatanda 1 minaatan mərmini və s. məhv etməyə müvəffəq olmuşdur. Tovuz rayonunda 89 ev təmizlənmiş, Tərtər rayonundan 5 təcili çağırışa dərhal reaksiya verilmişdir. Tərtər rayonunda 50 ev, 1 orta məktəb və 1 mədəniyyət evi təmizlənmiş və 21 mina/PHS aşkar edilərək məhv edilmişdir. 2009-cu ildə ÇƏQ həmçinin Qazax rayonunda da 10 evi təmizləmiş və 20 PHS aşkar edərək məhv etmişdir. Sentyabr ayında ANAMA "Kounterpart İnternational"ın Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən uşaq bağçasının təmizlənməsinə dair müraciətini yerinə yetirmişdir. İyun ayında Ağstafa rayonunun polis idarəsinin müraciəti əsasında idarənin anbarında əməliyyat aparılmış və 223 PHS aşkar edilərək məhv edilmişdir. Güman edilir ki, tapılmış sursatlar Ağstafa rayonunda yerləşən Saloğlu bazasına məxsus olmuş və oradan satış məqsədilə çıxarılmışdır. Ağstafa polisi onları müxtəlif yerlərdən yığaraq həmin anbarda saxlamışdır. Ümumiyyətlə, 2009-cu il ərzində ÇƏQ tərəfindən Tərtər, Tovuz və Qazax rayonlarında 149 ev, bir neçə məktəb və bir sıra başqa yerlərdə 4 mina və 673 PHS aşkar edilərək məhv edilmişdir.