AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

SƏFİR: "ABŞ AZƏRBAYCANDA MİNALARDAN TƏMİZLƏMƏYƏ DƏSTƏK MƏQSƏDİLƏ 30 MİLYON DOLLARDAN ARTIQ VƏSAİT SƏRF EDİB"

"Biz Azərbaycanla bu sahədə əməkdaşlığımızı və digərlərinin həyatını xilas etmək üçün öz həyatları ilə risk edən ANAMA işçilərinin heyrətamiz işini qeyd edirik”

Bakı. Məlahət Nəcəfova - APA. “Birləşmiş Ştatların Azərbaycanla onun torpaqlarının minalardan və partlamamış sursatlardan təmizlənməsi yöndə uzun zamandır davam edən əməkdaşlığını qeyd etmək şərəfinə malikəm”.

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Minatəmizləmə günü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın mesajında deyilir.

Səfirin sözlərinə görə, ABŞ 1993-cü ildən bəri Azərbaycanda minalardan təmizləməyə dəstək məqsədilə 30 milyon dollardan artıq vəsait sərf edib: “Minalanmış torpaq üçün əsgər və ya mülki şəxs fərq etməz. Partlamamış hərbi sursat hərbi hədəflər və ya uşaqlar arasında fərqi bilməz. Dəhşətli reallıq isə odur ki, günahsız vətəndaşlar - kişilər, qadınlar və uşaqlar çox tez-tez bu müharibədən qalma partlayıcıların qurbanı olurlar. Azərbaycanda 1990-cı illərin əvvəllərindən 2011-ci ilə kimi 367 şəxs bu səbəbdən həlak olub, 2000 nəfərdən çox insan xəsarət alıb. Beynəlxalq Minatəmizləmə Günü insanların azad və təhlükəsiz şəkildə gəzməsi,  minalardan gələn bəlanın qarşısının alınmasını vurğulamaq üçün bir şansdır. Birləşmiş Ştatların maliyyə yardımı və əməkdaşlığı ilə Azərbaycanın göstərdiyi səylər nəticəsində torpaqların minalardan və partlamamış sursatlardan təmizlənməsində əsl irəliləyiş əldə edilib. "Saloğlu" yaxınlığındakı bir ərazidə, 1991-ci ildə ölkədən çıxan Sovet Ordusu partlayıcılarla dolu 138 ədəd bunkeri məhv edib, beləliklə ərazini yarım milyondan çox partlamamış sursat hissələri ilə zibilləyib. Bu gün təmizlənmiş ərazidə məktəb yerləşir və toplanmış metal qırıntılarının satışından əldə edilmiş vəsait hesabına kəndin uşaqları üçün idman stadionu tikilib”.

Səfir bildirib ki, ölkəsi həmçinin Gürcüstanla sərhəddə və Ceyrançöl rayonunda ərazidən partlamamış hərbi sursatların və müharibənin digər partlayıcı qalıqlarının təmizlənməsi istiqamətində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) NATO ilə birgə səylərini əlaqələndirən aparıcı ölkədir: “Proyektin birinci fazasında ANAMA 19 kvadrat kilometr ərazini 173 mina və 14 654 partlamamış sursat hissələrini məhv edərək təmizləyib. ANAMA işçiləri 23 kvadrat kilometr ərazini təmizləməyi qarşıya məqsəd qoyub və demək olar ki, yarısını yerinə yetiriblər. Hər bir mina, hər bir partlamamış sursatın təmizlənməsi xilas olunmuş bir həyatdır.

Bütün dünya bu il Beynəlxalq Minatəmizləmə Gününü qeyd etdiyi kimi, biz də Azərbaycanla əməkdaşlığımızı və digərlərinin həyatını xilas etmək üçün öz həyatları ilə risk edən ANAMA işçilərinin heyrətamiz işini qeyd edirik”, - deyə səfir mesajında vurğulayıb.