AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

“CEYRANÇÖL LAYİHƏSİNİN 3-CÜ MƏRHƏLƏSİNİN TƏQDİMATI, GƏLƏCƏKDƏ AZƏRBAYCANDA İCRA OLUNACAQ ETİMAD FONDU LAYİHƏLƏRİNİN PERSPEKTİVLƏRİ”

26 sentyabr 2017 – ci il tarixdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda tədbir keçirdi.

     

“Four Seasons” mehmanxanasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Nazirin Müavini cənab Abid Şərifov, NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, NATO Dəstək Agentliyinin (NSPA) Təchizat üzrə Director Müavini cənab Orxan Muratli, Azərbaycanda akkreditə olunmuş Diplomatik Nümayəndəliklərin, Səfirliklərinin və NATO/NSPA nümayəndələrinin, eləcə də Azərbaycan Hökumətinin yüksək səviyyəli rəsmiləri iştrak etmişdir.

Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (Aprel 2012 – İyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənmiş və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilmişdir.

Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilmiş və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kv.m ərazi təmizlənmiş,  1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilmişdir. 22 kv.km ərazini əhatə edən üçüncü mərhələ 2017-ci ilin yanvar ayında başlamış və 2018-ci il ərzində bitməsi nəzərdə tutulmuşdur.

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olundu. Türkiyə Respublikası bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürdü. Azərbaycan Höküməti bu vəziyyətlə baglı dərindən maraqlanmış və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırmışdır.

    

ANAMA Direktoru, cənab Qəzənfər Əhmədov öz giriş nitqində Azərbaycanda mövcud PHS probleminin miqyasından bəhs etdi və NATO SNT Proqramı çərçivəsində həyata keçirilən layihənin yüksək əhəmiyyətini vurğuladı. Həmçinin Layihənin həyata keçirilməsində dəstək göstərən bütün donor ölkələrə öz təşəkkürünü bildirdi.

Azərbaycan hökuməti adından layihənin koordinatoru Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifov ANAMA-nın fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi təcrübəsi bu fəaliyyət növü ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd etmişdir. Nəticədə ANAMA, Humanitar Minatəmizləmə sahəsində təşkil olunan beynəlxalq tenderlərdə iştirak və fəaliyyət göstərməklə bu sahədəki imkanlarını nümayiş etdirdiyini xüsusi vurğulamışdır.

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay öz nitqində bildirdi ki, NATO ekspertləri ANAMA mütəxəssisləri ilə birgə - yerli fermer, kənd təsərrüfatı və Dövlət Sərhəd Xidməti patrulları üçün təhlükəsiz ərazi təmin etmək, milli əhəmiyyət kəsb edən arxeoloji və tarixi yerlərə keçid imkanı yaratmaq məqsədi ilə əraziləri tam təhlükəsiz şəraitə gətirmək üçün çox çətin bir iş üzərində çalışırlar. Bu səylər mülki əhalinin təhlükəsizliyinə birbaşa təsir göstərən əhəmiyyətli bir müvəffəqiyyətdir. Sonda ANAMA-ya əla bir fəaliyyət üçün təşəkkürünü bildirdi.

NATO Dəstək Agentliyinin (NSPA) Təchizat üzrə Director Müavini cənab Orxan Muratli, NSPA, minatəmizləmə sahəsindəki ən yüksək peşəkar standartları və problemlərin həll yolları üzrə yanaşması baxımından ANAMA-nı xüsusi qiymətləndirir və Layihənin son mərhələsində də Agentliyə uğurlar arzu edir - deyə vurğuladı.

ABŞ-ın Azərbaycandakı Səfiri cənab Robert Cekuta – Humanitar minatəmizləmə həqiqətən də qlobal səylər tələb edir və məhz buna görə də mən fəxr edirəm ki, Azərbaycan Respublikası ərazilərini mina və partlamamış hərbi sursat təhlükəsindən azad etmək üçün yerli ve beynəlxalq, eləcə də qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət üzərində çalışırıq.

       

ANAMA Əməliyyat Meneceri, cənab Samir Poladov ANAMA-NATO/NSPA birgə layihəsi olan “Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi” barədə ətraflı təqdimatla çıxış etdi.

Qonaqlar TTKT Qurumu tərəfindən təşkil olunmuş təlim avadanlıqları sərgisi və MTM şöbəsi tərəfindən hazırlanmış Mina Təhlükəsinə dair Maarifləndirməyə aid güşə ilə tanış oldular.