AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

TÜRKİYƏ RESPUBLİKASININ MİLLİ MÜDAFİƏ NAZİRLİYİNİN VƏ MİLLİ MİNA FƏALİYYƏT MƏRKƏZİ İDARƏSİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSI ÜZRƏ MİLLİ AGENTLİYƏ SƏFƏRİ

2018-ci il 16-19 may tarixlərində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Müstəşar müavini general-leytenant cənab Göksal Kaya və Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) polkovniki cənab Nedim Fatih Seyha Agentliyin baş qərargahına, Göygöl Regional Təlim Bazasına, eləcə də Ceyrançöl Etimad Fondu layihəsinin həyata keçirildiyi əraziyə səfər etmişlər.

2018-ci il 18 may tarixində ANAMA baş qərargahında Agentliyin Direktoru cənab Qəzənfər Əhmədov və Planlaşdırma və İnkişaf Şöbəsinin rəisi cənab Pərviz Gidayev nümayəndə heyətini qəbul etmişlər.

Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər barədə məlumat verilmiş, humanitar minatəmizləmə sahəsində gələcəkdə də iki ölkə arasında əməkdaşlıq üzrə müzakirələr aparılmışdır. Əsas müzakirə mövzusu isə Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) heyəti üçün Agentliyin Göygöl Regional Təlim Bazasında, ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu tərəfindən tədris edilən təlim kurslarının keçirilməsi və eyni zamanda Türkiyə Respublikasında Agentliyin heyəti üçün təlimlərin keçirilməsi istiqamətində ikitərəfli əməkdaşlıq olmuşdur. 

Rəsmi görüş zamanı ANAMA tərəfindən Türkiyə Respublikası ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatlarına dəstək sahəsində də fikir mübadiləsi aparılmışdır.

Səfərin başlıca məqsədi 2018-ci ilin yay aylarında tamamlanması planlaşdırılan Ceyrançöl Təmizləmə Layihəsi üzrə ərazidə həyata keçirilən mina və partlamamış hərbi sursat (PHS) təmizlənməsi əməliyyatlarını yerində müşahidə etmək, eyni zamanda lider ölkə məsuliyyəti çərçivəsindəki digər mövzuların koordinasiyasını təmin etməkdən ibarət idi.