AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA VƏ XORVATİYA ARASINDA HƏR İKİ ÖLKƏNİN PREZİDENTLƏRİNİN İŞTİRAKI İLƏ ANLAŞMA MEMORANDUMU İMZALANDI

12 mart 2012-ci il tarixində Xorvatiya Prezidenti İvo Josipovic Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev və onun Xorvatiyalı həmkarı İvo Josipoviçin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilmişdir.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzalayıblar.

Memorandum çərçivəsində əməkdaşlıq xüsusilə minalara qarşı fəaliyyət üzrə qanun və qaydalar, yeni minatəmizləmə texnologiyalarının tədqiqi və hazırlanması, yerüstü mina təhlükəsi ilə bağlı maarifləndirmə və mina qurbanlarına yardım sahələrində fəaliyyəti nəzərdə tutur.

Artıq ikinci dəfədir ki, ANAMA hökumətlərarası memorandum imzalayır və bu fəaliyyət Azərbaycan hökumətinin ölkədə mina aksiyasına göstərdiyi yüksək prioritet və milli mina agentliyinə yüksək etimadın göstəricisidir. ANAMA tərəfindən imzalanmış birinci hökumətlərarası sənəd 9 Noyabr 2009 – cu ildə Sloveniya Beynəlxalq Etimad Fondu və Minadan Zərərçəkənlərə Yardım çərçivəsində Əməkdaşlıq Memorandumu olmuşdur.