AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ŞƏRQİ AVROPA, QAFQAZ VƏ MƏRKƏZİ ASİYA ÜZRƏ ƏMƏKDAŞLIQ PROQRAMI (EECCA-OP) TOPLANTISI AZƏRBAYCANDA MİNATƏMİZLƏMƏ SAHƏSİNDƏ QANUNVERİCİLİK, STANDARTLAR VƏ İDARƏETMƏ ÜZRƏ SAHƏ SEMİNARI

4-8 Aprel, 2016-cı il tarixdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) ilə birlikdə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) çərçivəsində Azərbaycanda Minatəmizləmə sahəsində qanunvericilik, standartlar və idarəetmə üzrə Sahə Seminarı təşkil edilir.

4 Aprel 2016-cı il tarixdə Bakı şəhəri, Flame Towers, Fairmont Mehmanxanasının Üzeyir Hacıbəyov zalında, Belarusiya, Estoniya, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Irandan olan Mina Aksiyası, Sursatların Təmizlənməsi proqramları və eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətləri nümayəndələrinin iştirakı ilə Minatəmizləmə üzrə Sahə Seminarının rəsmi açılış mərasimi keçirilmişdir.

ANAMA-nın İcraçı Direktoru cənab Qəzənfər Əhmədov açılış nitqi ilə çıxış etdi və seminarda iştirak edən qonaqları salamladı. O qeyd etdi ki, biz inanırıq ki, bu seminar ölkələr arası əməkdaşlıq və təcrübə mübadiləsi üçün böyük bir fürsət olacaq və regionda bu sahədə mövcud olan yeni və geniş professional bağların əsasını qoyacaq. Nitqin sonunda, Direktor tədbirin keçirilməsində göstərdiyi maliyyə və təşkilatçılıq dəstəyinə görə bizim uzunmüddətli partnyorumuz olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinə öz minnətdarlığını bildirdi.

Dörd gün davam edəcək seminar 2 (iki) gün Bakı şəhərində və 2 (iki) gün sahə səfəri (7-8 Aprel regionlarda) daxil olmaqla minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcəkdir. Seminarın məqsədi, iştirakçılara region ölkələrində bu sahədə qəbul olunmuş qanunvericilik və normalarla tanış olmaq və ANAMA ilə mina aksiyasının əməliyyat, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə və zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.