AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

BEYNƏLXALQ MİNA XƏBƏRDARLIĞI VƏ MİNA AKSİYASINA YARDIM GÜNÜ

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlət tərəfindən mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırışdır.


Minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyanın 70 ölkəsində 2000-ə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur. Münaqişə və müharibələrdən sonra tökülüb qalmış və uzun illər təhlükə yaradan MPQ və minaların qurbanları əsasən mülki şəxslər olur.

Azərbaycanda mina və MPQ problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. 1998-ci ilin iyul ayında Respublika Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkədə minalarla mübarizə proqramının komponentlərini - ərazilərin mina/MPQ-lərdən təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım üzrə fəaliyyəti həyata keçirir.

ANAMA fəaliyyətinin nəticəsi olaraq, bu günə kimi 187, 706, 473 kv.m. ərazi təmizlənmiş və 670,657 mina və MPQ zərərsizləşdirmişdir. Mina Təhlükəsinə dair Maarifləndirmə fəalliyyəti çərçivəsində 24 rayonun 1200 məktəbinin 2335 müəlliminə 123 MTM təlimləri keçirilmiş, proqram üzrə dərslərin tədrisi təmin edilmiş, 9 rayonun 134 kəndində “MTM üzrə komitə”lər yaradılmış, proqram çərçivəsində 75,000 dərslik, 4 900 müəllim vəsaiti və 10,000-dən çox təlim plakatı paylanmışdır.

Minadan zərərçəkənlərə yardım fəaliyyəti çərçivəsində mina qurbanlarının tibbi müayinəsi, onların sanatoriyalarda müalicə olunması, mina qurbanları və ya onların ailə üzvləri üçün toxuculuq və tikiş kurslarının təşkili, əlillərin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə peşə yönümlü kursların təşkili və ailələrinin gəlir əldə edilməsinə şərait yaradılması, şikəst olmuş zərərçəkənlərə əlil arabalarının paylanması, icma səviyyəli biznes təlimləri və micro-kredit dövriyyə fondu layihələri həyata keçirilir.

4 Aprel gününü qeyd etmək məqsədilə ANAMA Bakı şəhərində yerləşən BQ-da mətbuat konfransı keçirmişdir. Daha sonra ANAMA MTM şöbəsinin meneceri media işçilərini salamlayaraq, onları ANAMA tərəfindən Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumatlandırmışdır.

Paralel olaraq, bu Beynəlxalq Gün münasibəti ilə təşkil edilən tədbirlər 24 rayonun 1200 məktəbində 2335 müəllim tərəfindən də 52 000 şagirdin iştirakı ilə anılmaqla, eyni zamanda ANAMA nəzdində fəaliyyət göstərən qruplar və içraçı QHMH təşkilatlarımız tərəfindən əməliyyatların keçirildiyi rayonlarda da həyata keçirilir. Ağstafa, Füzuli rayonlarında fəaliyyət göstərən əməliyyatçılarımız, o cümlədən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri məktəblərə baş çəkmiş, mina qurbanları ilə görüşlər təşkil etmiş, Goranboy və Tərtərrayonlarının təhlükəli sayılan ərazilərində iri plakatlar (Bilbordlar) basdırmışlar. İkinci QHMH təşkilatı olan “Dayaq” Azərbaycan da daha çox fəallıq göstərir, belə ki, onların əməliyyatçıları bu gündə Ağdam və Tərtər rayonlarında bir sıra tədbirlər həyata keçirmişlər.

Azərbaycanda Beynəlxalq Günün anılmasına həsr edilmiş tədbirlər silsiləsi haqqında 10-dan çox respublika qəzet və informasiya bülletenləri öz səhifələrində geniş məqalələr dərc etmişlər. Əlbəttə, keçirilən bütün tədbirlərin məqsədi bu Günün işıqlandırılması ilə yanaşı onun əhəmiyyətini gündəmdə saxlamaq və Azərbaycanda bu problemin daha ciddi olmasını hamıya bəyan etmək idi.