AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

BEYNƏLXALQ MİNA XƏBƏRDARLIĞI VƏ MİNA AKSİYASINA YARDIM GÜNÜ

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2005-ci ildə    BMT Baş Assambleyasında elan edilmiş və hər il mütəmadi olaraq qeyd edilir. Bu təşəbbüs BMT     və beynəlxalq təşkilatların köməyi ilə, mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin mütəmadi olaraq davam etdirilməsinə çağırışdır.

Minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada 2000-ə yaxın insanın ölümünə və şikəst olmasına səbəb olur. Münaqişə və müharibələrdən sonra tərk edilərək qalmış və uzun illər təhlükə yaradan mina və partlamamış hərbi sursatların qurbanları əsasən mülki şəxslər olur.

Azərbaycanda mina və MPQ problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. 1998-ci ilin iyul ayında Respublika Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkədə minalarla mübarizə proqramının komponentlərini - ərazilərin mina/MPQ-lərdən təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım üzrə fəaliyyəti həyata keçirir.

ANAMA fəaliyyətinin nəticəsi olaraq, bu günə kimi 320, 443, 366 m2 ərazi təmizlənmiş və 716,307 mina və MPQ zərərsizləşdirmişdir. Mina Təhlükəsinə dair Maarifləndirmə fəalliyyəti çərçivəsində 26  rayonun 1200 məktəbinin 3 635 müəlliminə 181 MTM təlimləri keçirilmiş, proqram üzrə dərslərin tədrisi təmin edilmiş, 10 rayonun 158 kəndində “MTM üzrə komitə”lər yaradılmış, proqram çərçivəsində 99,000 dərslik, 6 400 müəllim vəsaiti və 19,500-dən çox təlim plakatı paylanmışdır.

Minadan zərərçəkənlərə yardım fəaliyyəti çərçivəsində mina qurbanlarının tibbi müayinəsi, onların sanatoriyalarda müalicə olunması, mina qurbanları və ya onların ailə üzvləri üçün toxuculuq və tikiş kurslarının təşkili, əlillərin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə peşə yönümlü kursların təşkili və ailələrinin gəlir əldə edilməsinə şərait yaradılması, şikəst olmuş zərərçəkənlərə əlil arabalarının paylanması,  icma səviyyəli biznes təlimləri və micro-kredit dövriyyə fondu layihələri həyata keçirilir.

4 Aprel gününü qeyd etmək məqsədilə ilin əvvəlində MTM şöbəsi tərəfindən ANAMA nəzdində çalışan bütün qrup və bölmə rəhbərlərinə, supervayzerlərə, eyni zamanda agentliyin podratçı təşkilat rəhbərlərinə (BAMF və “DAYAQ” Azərbaycan) tədbirlər planı göndərilmişdir. Demək olar ki, aprel ayının birindən dördünə kimi əməliyyatların davam etdirildiyi və onlara bitişik cəbhəboyu və sərhədyanı rayonlarda bu tədbirlərin keçirilməsinə start verilmişdir. 

Bütün bu tədbirlərlə yanaşı, 4 Aprel günü proqramın əhatə etdiyi 26 rayonun 1200 məktəbində minlərlə şagird və müəllim tərəfindən anılmışdır.

“Dayaq” Azərbaycan təşkilatının əməliyyatçıları aprelin 4-nü Ağcabədi rayonunun Kəhrizli kənd orta məktəbinin şagird və müəllim heyəti ilə birgə qeyd etmişlər. Aprelin 4-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun dinc əhalisi yaşayan Həsənqaya və Şıxarx kəndlərini intensiv atəşə tutduğu zaman BAMF-ın direktoru rayon icra hakimiyyətinin bir qrup rəsmi şəxsləri ilə birgə BMT-nin bu əlamətdar gününü qeyd etməkdən ötrü adları çəkilən kəndlərə baş çəkmiş, kənd sakinləri arasında mina təhlükəsinə dair maarifləndirmə söhbətləri aparmışlar. Rəsmi nümayəndələr Beynəlxalq Günə həsr edilmiş tədbirlərin səmərəliliyini və onun əhəmiyyətini bir daha vurğulamışlar. Sonda BAMF nümayəndələri tərəfindən iştirakçılara müxtəlif növdə xəbərdarlıq materialları paylanmışdır.Aprelin birinci günü bir qrup reportyorun iştirakı ilə BAMF əməliyyatçıları və rəhbər şəxsləri müxtəlif səpkili görüşlər və tədbirlər həyata keçirmişlər. Belə ki, onlar rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə Tərtər rayonunda minadan zərərçəkənlər, müharibə veteranları və keçmiş döyüşçülərlə görüşmüş, müharibənin insanlara, ölkənin iqtisadiyyatına vurduğu zərər, o cümlədən mina və MPQ-lərdən qorunma və milli Agentliyin bu sahədə gördüyü təhlükəsizlik və minatəmizləmə tədbirləri haqqında məlumat vermişlər.


04 Aprel 2016-cı il tarixdə Cenevrə HMM-nin və ANAMA-nın təşkilatçılığı ilə xarici ölkələrdən dəvət edilmiş 30-a yaxın mütəxəssisin iştirakı ilə Bakı şəhərində EECCA-OP-un sahə seminarı keçirildi. Seminar zamanı 4 aprel günü Cenevrə HMT mərkəzinin mütəxəssisi tərəfindən bir daha qeyd edildi. Tədbir zamanı ANAMA MTM departamentinin rəhbəri qonaqlara, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrinə bu əlamətdar günlə bağlı məlumat verməklə yanaşı maarifləndirmə proqrami ilə bağlı Azərbaycanda həyata keçirilmiş fəaliyyətdən də söhbət açdı.


Azərbaycanda Beynəlxalq Günün anılmasına həsr edilmiş tədbirlər silsiləsi haqqında 10-dan çox qəzet və informasiya bülleteni öz səhifələrində geniş məqalələr dərc etmişlər. Əlbəttə, keçirilən bütün tədbirlərin məqsədi bu Günün işıqlandırılması ilə yanaşı onun əhəmiyyətini gündəmdə saxlamaq və Azərbaycanda mina və MPQ probleminin daha ciddi olmasını hamıya bəyan etmək idi.