AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA-NIN 20 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

2018-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Fairmont Baku, Flame Towers Azerbaijan” mehmanxanasında keçirilən tədbirdə Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam İsakzai, İordaniya Şahzadəsi, Minalardan Təmizlənmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, İordaniya Əlil Hərbçilər Həşimi Komissiyasının sədri, İordaniya Paraolimpiya Komitəsinin sədri, Şahzadə Mired Raad Al-Hüsseyn və ANAMA-nın Direktoru cənab Qəzənfər Əhmədov, eləcə də Agentliyin əməkdaşlıq etdiyi bir sıra hökumət qurumlarının, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların nümayəndələri və yüksək rütbəli xarici qonaqlar iştirak etmişdir.

  

  

Qonaqlar TTKT Qurumu tərəfindən təşkil olunmuş təlim avadanlıqları sərgisi və MTM şöbəsi tərəfindən hazırlanmış Mina Təhlükəsinə dair Maarifləndirməyə aid güşə ilə tanış olublar.

  

  

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

  

ANAMA Direktoru, cənab Qəzənfər Əhmədov öz giriş nitqində Agentliyin fəaliyyətinin 20 İllik yubileyinə həsr olunmuş tədbirdə iştirak edən hər bir kəsə öz dərin minnətdarlığını bildirdi. Diqqətə çatdırdı ki, Agentlik respublikanın sərhədboyu cəbhəxətti ərazilərində, eyni zamanda keçmiş Sovet ordusuna məxsus hərbi poliqonların, anbarların ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını yerinə yetirir. Agentliyin 20 illik fəaliyyəti dövründə 529 314 780 kvadratmetr ərazi təmizlənib, 796 972 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Cənab Qəzənfər Əhmədov Agentliyin iş tempinin dayanıqlı olmasına və mina təhlükəsi ilə mübarizə proqramının gələcəkdə də inkişafı və səmərəli işləməsi üçün şəraitin yaradılması sahəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Agentliyin yaranmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin təbriklərini çatdırıb. O qeyd etdi ki, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısında qoyulmuş tapşırıqları uğurla yerinə yetirib və öz sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib.

  

Tədbirdə çıxış edən BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam İsakzai qeyd edib ki, 1999-cu ildən başlayaraq BMT ilə ANAMA arasında əməkdaşlıq tarixinə nəzər salsaq, bu sıx əməkdaşlığın məhz Agentliyin yaradılması günündən etibarən davam etdiyini görmək olar. Bu uzunmüddətli əməkdaşlıq, yerli miqyaslı minatəmizləmə fəaliyyətinin bütün növlərini həyata keçirməklə yanaşı, eləcə də mina problemi olan digər ölkələr üçün də beynəlxalq potensialın yaradılması platformasına xidmət etməyə qadir olan yerli milli minatəmizləmə agentliyinin yaradılmasında əhəmiyyətli nəticələr vermişdir, deyərək cənab Qulam İsakzai vurğulayıb.

İordaniya Haşimilər Krallığının Şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn, Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yaxından tanış olmaq üçün ölkəyə yenidən səfər etmək, eyni zamanda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluğunu bildirdi. “Gələcəkdə minatəmizləmə fəaliyyətinə dair göstərdiyiniz səylərdə Sizə uğurlar arzu edirəm və bildirmək istəyirəm ki, biz hamımız eyni istiqamətdə üzən eyni gəmidəyik” İordaniya Şahzadəsi vurğuladı.

Tədbirin sonunda ANAMA-nın 20 illik fəaliyyətini əks etdirən film və minaaxtaran itlərin nümayişi təqdim olunub. 

http://az.azeridefence.com/anama-nin-yaranmasinin-20-ci-ildonumu-munasibetile-tedbir-kecirilib/

https://azertag.az/xeber/1180859