Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış seçki komissiyasının qərarı ilə İctimai şuranın üzvlərinin sayı 7 nəfər müəyyən edilib.

Bununla əlaqədar Agentlik yanında İctimai şuranın yeni tərkibinin formalaşdırılması məqsədilə üzvlüyə namizədlərin təqdim olunması elan olunur.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Agentlik yanında ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 22 iyun 2023-cü il tarixindən 20 iş günü müddətində Agentliyin Seçki Komissiyasına (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) və yaxud novbetchi@anama.gov.az elektron ünvanına müraciət edə bilərlər. Müraciət etmək üçün son tarix 24 iyul 2023-cü il saat 18:00-da başa çatır.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11-ci bəndinə əsasən, vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

• namizədin şəxsiyyət vəsiqəsinin surətini;
• namizədin tərcümeyi-halını;
• namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
• təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
• mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
İctimai şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək, elektron poçt vasitəsilə məlumat veriləcəkdir.
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.