Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərəcək fermerlərə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilir

Müharibədən sonrakı dövrdə ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirləri ölkə üzrə 410 192 nəfər vətəndaşı əhatə edib. “Böyük Qayıdış” çərçivəsində bu missiya daha da intensiv şəkildə davam etməkdədir.

Bu dəfə, Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərəcək fermerlərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən  Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilib. Dörd gün mərhələli şəkildə davam edən təlimlər 2374 nəfəri əhatə edib.

Təlimlərdə fermerlərə şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin, müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunub, ehtiyatsızlığın ağır fəsadlarla nəticələnə biləcəyi çatdırılıb.

Qeyd edək ki, Dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” ürzə  maarifləndirmə proqramı da davamlı şəkildə icra edilməkdədir.