ANAMA və BMT Azərbaycanda humanitar minatəmizləməyə həsr olunmuş beynəlxalq konfrans keçirir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 25-26 may tarixlərində “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir. Tədbirin birinci günü Ağdamda, ikinci günü isə Bakıda baş tutacaq.

2022-ci ilin 30 mart - 1 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın davamı olan tədbirin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləyir.

Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında, 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.

Ağdamda keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycana həsr edilmiş bir ömür” adlı film nümayiş olunub.

Tədbir, mina partlayışı nəticəsində zərərçəkmiş şəxsin və minaaxtaranın müraciəti ilə başlayıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov iştirakçıları salamlayıb. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərin bərpa və yenidənqurulması, dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.  

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, keçirilən konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır. O, eyni zamanda, humanitar minatəmizləmənin Davamlı İnkişaf Məqsədləri üçün böyük əhəmiyyət kəsb etdiyini, dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə milli humanitar minatəmizləmə Davamlı İnkişaf Məqsədinin təsis edildiyini bildirdi.

Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək bildirib ki, Azərbaycan da daxil olmaqla, minadan əziyyət çəkən ölkələr üçün ərazilərin minalardan təmizlənməsi dayanıqlı inkişaf və sülhə nail olmaq üçün ilkin şərtdir. O əlavə edib ki, Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyinin icrasına gedən yol, mina və müharibənin partlayıcı qalıqlarından təmiz olmalıdır.

Ağdamda keçirilən konfransın ilk sessiyasında münaqişədən zərər çəkmiş bölgələrdə infrastrukturun təhlükəsiz bərpası, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması, regionda davamlı sülhün bərqərar olması, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyəti və Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa bağlılığı ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyinin Ağdamda yerləşən müvəqqəti qərargahına baş çəkən qonaqlar bərpa-quruculuq planları ilə tanış olub, eləcə də mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu izləyib.

Nümayəndə heyəti, həmçinin ANAMA-nın fəaliyyət göstərdiyi minatəmizləmə sahəsinə səfər edib. Qonaqlara icra edilən humanitar minatəmizləmə əməliyyatları haqda məlumat verilib, minaların partlayış yolu ilə zərərsizləşdirilməsi nümayiş olunub.

Konfrans çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını, xidməti fəaliyyətini əks etdirən sərgi təşkil edilib.

Konfrans işini davam etdirir.