Humanitar minatəmizləmə fəaliyyəti ilə əlaqədar diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib

2023-cü ilin 28 aprel tarixində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib.

Brifinqin məqsədi işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyəti, bu fəaliyyət haqqında məlumatlandırmanın davamlı artırılması, mina və partlamamış hərbi sursatlarla dünyada ən çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası və təsirinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi, eyni zamanda cari ilin 24-26 may tarixlərində Ağdam və Bakı şəhərlərində “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda keçirilməsi nəzərdə tutulan 2-ci beynəlxalq konfransın əhəmiyyəti barədə məlumatın təqdim edilməsi olub.

2-ci konfrans, 2022-ci ilin 30 mart - 01 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın davamı olaraq ölkəmizin humanitar minatəmizləmə sahəsində aparıcı rollardan birini tutması istiqamətində atılan mühüm addımlardan biridir.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı sursatlarla kütləvi şəkildə çirklənmə miqyası, cəlb olunan qurumlar tərəfindən aparılan humanitar minatəmizləmə fəaliyyəti, habelə 2-ci Beynəlxalq Konfransda müzakirə olunacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və onların ölkəmizdə aparılan minatəmizləmə fəaliyyəti ilə bağlılığı, mina təmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi, mina təhdidlərinin yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərər kimi məsələlər barədə məlumat verib. 

Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, keçiriləcək konfransın ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması ilə yanaşı, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, yeni milli Dayanıqlı İnkişaf Məqsədləri üzrə, eyni zamanda qlobal humanitar minatəmizləmə DİM-in təqdim edilməsi təşəbbüsü, birgə tərəfdaşlığın və ölkəyə bu sahədə dəstəyin gücləndirilməsi, habelə Azərbaycanın təcrübəsinin gələcəkdə digər ölkələrdə tətbiq edilə biləcəyini vurğulayıb.

Tədbir, Azərbaycan Hökuməti tərəfindən humanitar minatəmizləmə istiqamətində aparılan məqsədyönlü fəaliyyət barədə məlumatlandırma baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, bu gün mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində insanların həyat və sağlamlığına, inkişaf və tərəqqiyə ən ciddi təhdid və maneələr yaradan amildir. Mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların səmərəli müzakirəsi mina təhlükəsi ilə mübarizədə qabaqcıl həllərin tətbiqi üçün önəm kəsb edir.