Fransa Respublikasının ölkəmizdəki səfiri ilə ANAMA-da görüş

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ilə görüşüb.

 Görüşdə ANAMA ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədli əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Böyük Qayıdış” proqramı çərçivəsində Agentliyin qarşısında duran məqsədlər, prioritet layihələr, əlaqəli şəkildə icra edilən bərpa və yenidənqurma işləri barədə məlumat verərək, gələcək əməkdaşlığın Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə faydalı olacağını bildirib.

Səfir Ann Buayon Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə göstərdiyi peşəkar fəaliyyətin təqdirəlayiq olduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin həlli istiqamətində Agentlik tərəfindən icra edilən genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirdiyini bildirib.

Görüş zamanı, Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, ölkəmizin qarşılaşdığı təhlükə, aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə olunan ən son texnoloji metod və vasitələrə dair təqdimat nümayiş etdirilib.