Vyanada “Humanitar minatəmizləmə - çağırışlar və innovativ həllər” adlı dəyirmi masa təşkil olunub

Aprelin 25-də BMT-nin Vyana Bölməsində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq “Humanitar minatəmizləmə - çağırışlar və innovativ həllər” adlı dəyirmi masa təşkil edilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, BMT-nin Vyana Bölməsindəki daimi nümayəndəliklərinin rəsmiləri və diplomatlar, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində məqsəd humanitar minatəmizləmə əməliyyatları, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, mina qurbanları, xüsusilə onların cəmiyyətə reabilitasiya və reinteqrasiyası, davamlı sülh, təhlükəsizlik və inkişaf üçün əhəmiyyəti, habelə bu istiqamətlərdə çağırışlar və innovativ həllər üzrə mövzuların müzakirəsi olub.

Dəyirmi masada çıxış edən səfir Rövşən Sadıqbəyli 30 il ərzində Ermənistan işğalı altında olan ərazilərimizin Ermənistan tərəfindən məqsədli şəkildə mina və partlamamış sursatlarla çirkləndirildiyini, bu xüsusda Azərbaycanın dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayıb. Diplomat hazırda da davam edən mina təhlükəsinin doğma yurdlarında dayanıqlı və təhlükəsiz məskunlaşmaq arzusunda olan insanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri üçün təhdidlər yaratdığını bildirib. R.Sadıqbəyli humanitar minatəmizləmə fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hər biri ilə bu və ya digər qaydada əlaqəli olduğunu, bu xüsusda Azərbaycan tərəfindən mövzu üzrə 18-ci DİM-in elan edildiyini bildirib.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov və Azərbaycan Respublikasının Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev ölkəmizin işğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmənin miqyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında dayanıqlı və təhlükəsiz məskunlaşması məqsədilə hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, eləcə də əlaqəli şəkildə icra olunan bərpa və yenidənqurma işləri barədə geniş məlumat veriblər.

Bosniya və Herseqovinanın Mina Təmizləmə Agentliyinin rəhbəri Saşa Orbadovic, UNDP-nin eksperti Essen Stainerç, Sloveniyanın İnsan Təhlükəsizliyinin Gücləndirilməsi təşkilatının rəhbəri Tomas Lovrencic, Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatının Şərqi Avropa üzrə regional idarəsinin direktoru Cesika Haylan və Marşal İrsi İnstitutunun nümayəndəsi Elise Beker geniş təqdimatlarla çıxış edib və minatəmizləmə fəaliyyəti istiqamətində keçirilən beynəlxalq tədbirlər, o cümlədən Azərbaycan ilə əməkdaşlıq və ölkəmizdə keçirilən layihələr barədə danışıblar.

Tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizədə beynəlxalq səviyyədə səylərin və öhdəliklərin birləşdirilməsi, təmizləmə fəaliyyətində mövcud innovativ inkişaflar, qazanılmış təcrübə, eləcə də yeni nailiyyətlərin əldə edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İnnovativ həllərin mina təhlükəsi ilə mübarizə istiqamətində effektivliyin artırılmasında, təsirə məruz qalan ərazilərdə davamlı sülhə, təhlükəsizliyə və inkişafa töhfə verməkdə mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalarla çirklənməni, bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini və mina qurbanlarını əks etdirən müvafiq fotolar və videolar nümayiş etdirilib.