Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Ağdamda ağacəkmə aksiyası ilə yad edilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il, 28 noyabr tarixli, 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı,  Dövlət Turizm Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.

Müasir, müstəqil Azərbaycan Respublikasının banisi, uzaqgörən siyasəti ilə xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində silinməz iz qoymuş, dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olmuş böyük şəxsiyyət, müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunan ağacəkmə aksiyası mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olan təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi məqsədilə keçirilən tədbirdə yüzlərlə ağac əkilib.

Aksiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də təmsil olunan qurumların nümayəndələri iştirak edib.

Ulu öndərin əziz xatirəsini hörmət və ehtiramla anırıq!