“Gizli ölüm toxumları” kitabının təqdimatı

Dünya mina problemi ilə üz-üzədir. Problemin dünya birliyinin diqqətində saxlanılması, insanların mina təhlükəsinə dair maarifləndirilməsi, minalara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə BMT Baş Assambleyasının 2005-ci il qəbul etdiyi qətnamə ilə 04 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd edilir.

Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dağıntılar törədilmiş, 900-dən yuxarı yaşayış məskəni yer üzündən silinmiş, ərazilər mina və digər partlayıcı sursatlarla ciddi şəkildə çirkləndirilmişdir. İkinci Qarabağ müharibəsindən sonra, 288 nəfər azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya xəsarət alıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev minaların işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və keçmiş məcburi köçkünlərin geri dönmə prosesini ləngitdiyini bildirərək, minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq etdiyini vurğulayıb. Ölkə rəhbəri Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mina probleminə beynəlxalq diqqətin artırılması üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib.

“Gizli ölüm toxumları” kitabı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində törədilən mina terrorunun, mina və partladıcı sursatların yaşatdığı dəhşətin dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırmaq məqsədi ilə hazırlanıb.

Kitabın əsasməqsədi mina təhlükəsi ilə mübarizədə maraqlı olan ölkələr, beynəlxalq təşkilatların diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəltməklə “Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” təşəbbüsünə dəstək göstərməkdir.

“İrs Nəşriyyatı Evi” tərəfindən çap edilən kitab “Ön Söz”, “Viran edilmiş torpaq”, “İnsanlıq əleyhinə cinayət”, “Total terror” və “Son Söz” hissələrdən ibarətdir. Kitab azərbaycan, ingilis, rus dillərində nəşr olunmuşdur. 

Nəşr Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə İRS jurnalının kollektivi tərəfindən ərsəyə gəlmişdir. 

Qeyd edək ki, “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS Nəşriyyət Evi” tərəfindən artıq 10 ildir ki, Azərbaycanın maddi-mədəni irsi, tarixi, eyni zamanda Qarabağla bağlı kitablar hazırlanaraq dərc edilib. “Gizli ölüm toxumları” kitabı sayca 20-ci nəşrdir.