Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Azərbaycanda Mina Aksiyası üzrə Sahə Seminarı

Bildiyiniz kimi 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin davam etdirilməsinə çağırışdır.

Belə ki, Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü daha da işıqlandırmaq məqsədilə cari ilin aprel ayının 04-08 tarixlərində Azərbaycanda Mina Aksiyası üzrə Sahə Seminarı keçiriləcək.

Qeyd olunan Seminar Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) çərçivəsində, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə birgə təşkil ediləcək.

Bu seminarda Belarusiya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Monqolustan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistandan olan Mina Aksiyası, Sursatların Təmizlənməsi proqramları və eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətləri nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

Dörd gün davam edəcək bu seminar 2 (iki) gün Bakı şəhərində və 2 (iki) gün sahə səfəri daxil olmaqla minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcəkdir. Seminarın məqsədi, iştirakçılara region ölkələrində bu sahədə qəbul olunmuş qanunvericilik və normalarla tanış olmaq və ANAMA ilə mina aksiyasının əməliyyat, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə və zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.

Qeyd edək ki, Azərbaycanda Mina Aksiyası üzrə Sahə Seminarı barədə cari ilin 16-19 fevral tarixlərində Cenevrədə keçirilən “Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 19-cu Beynəlxalq Görüşü” zamanı ANAMA-nın İcraçı Direktoru cənab Qəzənfər Əhmədovun çıxışında təqdim olunmuş və müzakirə edilmişdir.