Mina təhlükəsi ilə mübarizə istiqamətində qurumlararası fəaliyyətin əlaqələndirilməsi mövzusunda tədbir keçirilib

Mina təhlükəsi ilə mübarizə sahəsində qurumlararası birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşəbbüsü ilə “İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə mübarizə: planlar, prioritetlər, kommunikasiya və maarifləndirmə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin aidiyyəti işçi qruplarında təmsil olunan dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı sursatlarla kütləvi şəkildə çirklənmə miqyası, müvafiq qurumlar tərəfindən icra olunan genişmiqyaslı minatəmizləmə əməliyyatları və mina təhlükəsi ilə mübarizə sahəsində digər fəaliyyətlər barədə məlumat verərək, tədbirin mövzusunun əhəmiyyətini vurğulayıb.

Tədbirdə işğaldan azad edilmiş ərazilərə edilən qanunsuz səfərlərə qarşı mübarizə, doğma yurdlarına qayıdan əhalinin, həmin ərazilərdə işləyən və oraya səfər edən insanların, habelə müharibənin təsirinə məruz qalmış digər rayon və kəndlərin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyətin effektivliyinin daha da artırılması, mina təhlükəsi ilə mübarizə və mina hadisələri zamanı müvafiq qurumlararası qarşılıqlı kommunikasiyanın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

ANAMA tərəfindən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” tədbirləri çərçivəsində beynəlxalq və yerli qurumlarla birgə icra edilən maarifləndirmə tədbirlərini əks etdirən təqdimat nümayiş etdirilib.