Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının (FWO) Baş direktoru general-mayor Kamal Azfarın ANAMA-ya səfəri

2021-ci il 24 fevral tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının (FWO) Baş direktoru general-mayor Kamal Azfar və Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşmüşdür.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə səfirə məlumat verilmişdir.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində, o cümlədən Azərbaycanda icra olunan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə Pakistan İslam Respublikasının mümkün dəstəyi üzrə müzakirələr aparılmışdır.

2021-ci il 22-23 fevral tarixlərində nümayəndə heyəti Füzuli və Ağdam rayonlarına səfər etmiş və ANAMA tərəfindən Füzuli və Ağdam rayonları ərazisində həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarının gedişatı ilə tanış olmuşdur.