AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

MİNA AKSİYASI MƏRKƏZLƏRİ VƏ BMT MƏSLƏHƏTÇİLƏRİNİN 21-Cİ ZİRVƏ TOPLANTISI

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Direktoru  cənab  Qəzənfər Əhmədov və Agentliyin Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədzadə, Mina Aksiyası Mərkəzləri və BMT Məsləhətçilərinin 21-ci zirvə toplantısında iştirak ediblər. Toplantı 13-16 fevral 2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Cenevrə Qərargahında baş tutmuşdur.

        

Tədbirin əsas təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatının Mina Aksiyası Xidməti (UNMAS), tədbirin gündəliyini, mövcud duruma uyğun olaraq ən səmərəli şəkildə tərtib etmişdir. 1997-ci ildə Ottava Konvensiyası qəbul edildikdən sonra hər il təşkil olunan bu toplantı Humanitar Mina Aksiyası ilə məşğul olan Milli Mərkəzləri, Donor ölkələri, BMT-nin müvafiq Qurumlarını, Ottava Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsi işlərinə nəzarət edən monitorinq və dəstək bölmələrini, habelə minatəmizləmə sahəsində kommersiya və QHT-ləri bir araya gətirən və sektor üzrə ən geniş və mühüm platforma sayılır. Tədbirin mövzusu, Humanitar Mina Aksiyasının ölkələr üçün ümumi inkişaf konsepsiyasına nüfuz etməsi, habelə ölkələrin də öz növbəsində BMT-nin 2030 Dayanıqlı İnkişaf Hədəflərinə çatmasında hansı aparıcı rola malik olmasının müzakirəsi olmuşdur.

        

Müharibə yolunu keçmiş yaxud hərbi silah-sursat istehsalının aparıcı sənayelərindən biri olan ölkələrdə sülhün bərqərar olunması, insanların mina və partlayıcı təhlükəsindən qorunması, habelə inkişaf yoluna təkan verməsi səbəbindən Humanitar Mina Aksiyası ümumdünya inkişaf məsələlərinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Müxtəlif ölkələrdə, milli strateji hədəflərə çatmağa aparan yolda mina aksiyasının əhəmiyyətinin, məqsədyönlü tədbirlər nəticəsində bu fəaliyyətin daha geniş milli məzmunlara daxil olunması və gərəkli qanunvericiliklərin qəbul edilməsini əks etdirən təqdimatlar verilmişdir. Bütün bu göstəricilər,  sektorun son iyirmi il ərzində gözəçarpan təkamülünün göstəriciləri olaraq qeyd olunmuşdur.

Mina Aksiyası sahəsinin inkişaf etməsinin, siyasi iradənin, yerli hökumətlərin mina və partlayıcılar məsələsinə ayırdıqları diqqətin, habelə bu ölkələrin öz Humanitar öhdəliklərinə sadiq olmasının nəticəsi olduğu xüsusilə qeyd olunmuşdur. Bu məzmunla, Azərbaycan nümayəndə heyətinə bu sahədə atılmış addımlar və əldə olunmuş nəaliyyətləri işıqlandırmaq üçün təqdimatla çıxış etmək imkanı verilmişdir. Təqdimat zamanı cənab Qəzənfər Əhmədov, Azərbaycan Hökumətinin vaxtlı-vaxtında və məqsədyönlü qərarların verilməsiylə Mina Aksiyasının ümumi inkişaf sektoruna daxil etməsini və doğru qərarların keçid mərhələsinə başlanğıc verməsi və uğurlu aparılmasının əhəmiyyətini vurğuladı.

Kənd təsərrüfatı, regionların inkişafı, təhsil ocaqlarının bərpası və yenidənqurulması, mina və hərbi sursat təhlükəsi mövcud olan bölgələrdə bu təhlükə ilə üzləşən əhalinin təhlükəsiz şəraitlə təmin olunması istiqamətlərində Azərbaycan Hökumətinin ANAMA-ya verdiyi konkret tapşırıq və öhdəliklər, ölkədə inkişafa və bu işlərdə mina aksiyasına ayrılan yerin bariz nümunəsi olmuşdur. Əldə etdiyi imkan və təcrübənin məhz xarici əlaqələr və digər ölkələrin təcrübəsinə əsaslanaraq inkişaf etdirməsi, ANAMA-ya, həmçinin region ölkələrinin bu sahədə imkanlarının təkmilləşdirilməsi layihələrində iştirak edərək öz təcrübəsini paylaşmaq imkanı vermişdir. Mina Aksiyası sektorunda ikitərəfli əlaqələrin, təcrübə mübadilələrinin, habelə əməkdaşlıqların qurulması, 2030 DİH-nin 17-ci hədəfinin “dayanıqlı inkişafın təmin olunması naminə qlobal tərəfdaşlıqların canlandırılması” məzmununda olması, bu sahədə daha fəal olmağa bir təkandır.

2018-ci ilin iyul ayında, ANAMA təsisinin 20-ci ildönümünü qeyd edəcəkdir. Belə bir əlamətdar tədbir zamanı, cari əməkdaşlıqların inkişafı, habelə yeni əməkdaşlıqların müzakirəsi məqsədilə bir neçə günlük dəyirmi masa arxası görüşlərin təşkil olunması üçün gündəlik tərtib olunması müstəsna deyildir.

Bir-biri  ilə əlaqəli olan humanitar tədbirlərə bağlılığımıza nəzər salaq.

Humanitar Mina Aksiyası, çox təhlükəli və əziyyətli işləri əhatə edən bir fəaliyyətlər toplusudur. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Konvensiyasına (Ottava Konvensiyası) üzv olan ölkələrdə Konvensiya öhdəliklərini yerinə yetirmək məqsədilə, üzv olmayan ölkələrdə isə öz mülki əhalilərinin təhlükəsizliyini təmin etmək işlərinə olan xoş niyyətlərini nümayiş etdirən hökumətlərin mina təhlükəsinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər toplusudur. Birləşmiş Millətlər Təşkilatının ümumi Sülh gündəliyinin bir hissəsi olan Humanitar Mina Aksiyası, Beynəlxalq Prinsiplər əsasında tənzimlənməkdədir. Bütün bu hüquqi normalar və öhdəlikləri gözardı edərək, gördüyümüz işlərin BMT-nin Sülh çətiri altında aparıldığını unudaraq, bəzən bilməyərəkdən də olsa, lakin istənilən halda qəbulolunmaz bir hal kimi, beynəlxalq hüquqi öhdəlikləri heçə sayanlar da olur. Belə ki, faktlarla danışsaq, BMT-nin 822, 853, 874 və 884-cü qətnamələrini 1993-cü ildən etibarən qüvvədə olmasına məhəl qoymayaraq Azərbaycanın ərazisi olan və işğal olunmuş Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən Birləşmiş Krallığın Minatəmizləmə Şirkəti olan “HALO Trust”-ın, öz fəaliyyətini Azərbaycan hökumətini məlumatlandırmadan aparmasıdır. Belə hallarla rastlaşdıqda biz üzvü olduğumuz bu humanitar icmanın, “fəaliyyətimizin əsasını təşkil edən konvensiya və qətnamələrə ehtiramla yanaşırıqmı?” sualına səmimi cavab verməsini istəyərdik. Əgər ehtiram göstərmiriksə bizim humanitar niyyətlərimiz şəffafdırmı?

Azərbaycan silahlı qarşıdurmadan əziyyət çəkmiş və hələ də əziyyət çəkməkdədir. Ərazilərin minalardan təmizlənməsi, uşaqların və mülki insanların həyatlarını partlayıcı təhlükəsindən qorumaq məqsədilə maarifləndirmə işlərinin aparılmasına illər sərf edilməkdədir. Dron vasitəsilə ərazilərə yaxud axar çayın məcrəsilə məsum və həssas olan uşaqların oynadıqları oyuncağa partlayıcı yerləşdirərək  bu oyuncağı hədəfini qəddarcasına məhv etməyə göndərən insanların humanizminə inanmaq olarmı? Hədəflədikləri günahsız uşaqların həyatına son qoyduqlarından sonra bu dəhşətin şahidi olan digər uşaqlara təhlükəsizlik və etibar hissini necə bəxş etmək olar?  Belə bir bədbəxt hadisə Tovuz rayonuna, öz qohumlarına baş çəkmək üçün gəlmiş ailənin qız övladının həyatına son qoymuşdur. Yoxsa 18 aylıq bir körpənin, Zəhra Quliyevanın və onun anasının 4 iyul 2017-ci il tarixdə minaatan mərmisinə tuş gəlməsi bizim humanitar prinsiplərimizdəndir?

Dayanıqlılığın təminatçısı bizlər olduğumuz halda, sektorumuzun dayanıqlı olmasına çalışsaq da, özümüz humanitar işləri yerinə yetirərək özlüyümüzdə humanistləşirikmi? Donor ölkələrinin maliyyə vəsaitindən bəhrələnərək birbaşa hədəfimizin mülki əhali üçün təhlükəsiz torpaqların təmin olunması işini yerinə yetirərkən, dolayı yol ilə humanitar cinayətlər törətmiş olmuruq ki? Yoxsa bizim humanitar olmağımız bir söz xatirinədir və biz bir göz qırpımında Konvensiyalarla qadağa olunmuş silahların belə istifadəsinə məhəl qoymarıq? Bütün mediyada müxtəlif Diplomatik korpusların müşahidəsilə qeydiyyata alınmış və yeni istehsal olan 122 mm P-4 “Ağ fosfor” tərkibli artilleriya mərmisini 2016-cı ilin Aprel ayında Tərtər rayonuna atması ilə, Ermənistan humanitar işlərində öz iç üzünü bəlli etmişdir. ANAMA beynəlxalq və yerli tərəfdaşları ilə birgə, illərlə vaxt və külli miqdarda səy və vəsait sərf edərək bu əraziləri partlayıcılardan təmizləməyə çalışmaqdadır.

Bu ismarıclarla, cənab Əhmədov təqdimatını sona çatdıraraq Beynəlxalq Mina Aksiyası İctimaiyyətini həm Mənəvi həm də Hüquqi Öhdəliklərinə sadiq qalmağa çağırmışdır. Bir milyon olan qaçqın və məcburi köçkünlərin ailələri genişlənərək iki milyona çatmaqdadır. Bu insanlar hələ də “Böyük Qayıdış”ı gözləyərək öz tarixi yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. İşğal altında olan 13,6 min kv.kilometr ərazinin beynəlxalq müharibə təcrübəsinə əsaslanaraq 350-500 kv. kilometrində mina və partlamamış hərbi sursatlarla çirklənmiş olması, bu ərazilərin azad edilməsindən sonra uzun illər təhlükə mənbəyi kimi qalacağının göstəricisidir. On minlərlə, yüzminlərlə mina və sursatların işğal altında olan əraziləri çirkləndirməsi bizim qarşımızda böyük işlərin olmasını göstərir. Kimsə iddia edərsə ki, bu ərazilərdə minatəmizləmə işlərini apararaq dolayı yol ilə Azərbaycan torpaqlarını təmizləmişdir (bu söz “HALO Trust” təşkilatının 2007-ci ildəki qapalı toplantı zamanı bəyan etdiyi mövqeyə şamil olunur), heç bir rəhbərlik, müvafiq prosedurlara riayət olunmadan keçirilmiş əməliyyatların nəticəsinə əsaslanaraq əhalisini təhlükəsiz olmasında əmin olmadığı ərazilərə buraxmaz.