Səudiyyə Ərəbistanı ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verəcək

Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək. Bu məqsədlə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb. Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cənab İssam bin Saleh əl-Cuteyli da iştirak etmişdir.
İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Səudiyyə Ərəbistanının Azərbaycanda minatəmizləmə fəaliyyətləri üçün maliyyə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib. Görüşdə qonağa ölkəmizin üzləşdiyi mina problemi, hazırda həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli qeyd edib ki, bu layihə kral və onun vəliəhdinin tapşırığı əsasında yerinə yetirilir. Onların hər ikisi Azərbaycan xalqına böyük dəyər və sevgi bəsləyir. Səudiyyə Ərəbistanı tərəfindən göstərilən bu yardım iki ölkənin dərin və köklü əlaqələrinə və qardaşlığına bir sübutdur.
Abdullah Məhəmməd Əlvadeyi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dost və qardaş münasibətlərdən məmnunluq ifadə edərək, ölkəsinin humanitar minatəmizləmə məsələsində Azərbaycanın yanında olduğunu və ölkəmizi dəstəklədiyini vurğulayıb.
Tədbir zamanı qonaqlar azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış mina və digər partlayıcı sursat nümunələrinin maketlərinin, minaaxtaranın alət və avadanlığının və fərdi qoruyucu geyimlərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.