“Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda ölkəmizdə beynəlxalq texniki konfrans keçirilir

28 noyabr tarixində Bakı şəhərində “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans öz işinə başlayıb.

İki gün davam edəcək texniki konfransın keçirilməsində məqsəd ölkəmizin mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.

 Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizdə mövcud mina probleminin miqyasını konfrans iştirakçılarının diqqətə çatdırıb. Vurğulayıb ki, mina və müharibənin partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin davamlı inkişafına, insanların rifahına və ətraf mühitə ciddi problem yaratmaqda davam edir. Vüqar Süleymanov, bu sahədə daha sıx əməkdaşlıq qurmağa, bilik və təcrübələri paylaşmağa, qlobal səyləri birləşdirərək mina təhlükəsindən azad bir dünya yaratmağa çağırış edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək texniki konfransın beynəlxalq minatəmizləmə qurumlarının imkanlarının öyrənilməsi, bu sahədə təcrübə və nəticələrin dəyərləndirilməsi, çətinliklərin aradan qaldırılması və əməkdaşlığın təkmilləşdirilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 

Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək bildirib ki, mina təhlükəsi ilə mübarizə fəaliyyəti istiqamətində davamlı həll yolları tapmaq üçün innovativ yanaşmalar, texnologiyadan səmərəli istifadə və minadan təsirlənən ölkələr arasında ən yaxşı təcrübələrin paylaşılması vacib amillərdəndir. Davamlı inkişaf və sülh üçün ilkin şərt kimi, Azərbaycanda mina təhlükəsi ilə mübarizə istiqamətində tərəfdaşlığın artırılması və beynəlxalq dəstək üçün imkanlar mövcuddur.”

Mina təhlükəsi ilə mübarizə sahəsində ölkəmizdə keçirilən 2-ci texniki konfransın rəsmi açılış hissəsindən sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu və MAG qeyri-hökumət təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə ilk qadın minatəmizləmə qrupunun üzvlərinə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Konfransda, yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ərazilərin tədqiqatı prosesində ən son yeniliklər, mina təhlükəsi və minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsiri, məlumatların idarə edilməsi, eləcə də Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müasir texnologiyaların tətbiqi mövzularında panel müzakirələr keçirilib.

Tədbir çərçivəsində əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunur.

Konfransın ikinci günü iştirakçı qurumların müvafiq təqdimatları və panel müzakirələri ilə davam edəcək.