Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

BMT-nin Mühafizə və Təhlükəsizlik məsələləri üzrə regional məsləhətçisinin ANAMA-ya səfəri

2020-ci il 14 noyabr tarixində BMT-nin Mühafizə və Təhlükəsizlik Şöbəsinin Azərbaycan, Belarus və Rusiya Federasiyasında Təhlükəsizlik məsələləri üzrə regional məsləhətçisi cənab Freyzer Kinq və BMT Azərbaycanın Mühafizə və Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi cənab Fuad Cəfərov ANAMA baş qərargahına rəsmi səfər etmişlər.

Görüş zamanı ANAMA direktoru cənab Qəzənfər Əhmədov nümayəndəyə Agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri, 27 sentyabr tarixindən etibarən Agentlik tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz əməliyyatlar,  eləcə də erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublıkası mülki əhalisinə qarşı törədilən cinayətlər haqda geniş məlumat vermişdir.

ANAMA tərəfindən erməni silahlı qüvvələrinin beynəlxalq konvensiyalarla qadağan olunmuş kasset sursatları, tərkibində ağ fosfor olan sursatlar, eləcə də yaşayış məntəqələrimizə düşməklə daha çox fəsad törədən, dağıntılara və mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olan hərbi sursatlar (Elbrus/SCUD), “Toçka-U” sisteminə aid 9M79M raketi, “SMERÇ” Yayılım Atəşli Raket Sistemindən (YARS) atılan 300 mm-lik raketlər barədə geniş məlumat təqdim olunmuş və eyni zamanda qeyd olunmuş yaşayış məntəqələrinə atılan sursatların qalıqları sübut kimi missiya nümayəndələrinə nümayiş etdirildi.