Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü

Minalar və Müharibənin Partlayıcı Qalıqlarının (MPQ) yüksək dərəcədə yaratdığı həyati təhlükələrdə olduğu kimi, bu gün də dünyamız COVID-19 adlı, qurbanını ayırd etməyən, sosial-iqtisadi təhlükə ilə üzləşib. Adı çəkilən virus heç bir ölkəni, insanı və onun sosial vəziyyətini, yaşını, cinsini və dini mənsubiyyətini tanımır. Bu gün yeni ölümcül infeksiyaya qarşı mübarizədə dünyanın böyük itkilərlə üzləşdiyinin şahidi oluruq. İnanırıq ki, Piyadalar Əleyhinə Minaların  Qadağan edilməsi üzrə beynəlxalq konvensiya çərçivəsində milyonlarla insanın həyatının xilas edildiyi və milyonlarla kv.m təhlükəli ərazilərin təmizlənməsi halında olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının və ölkələrin COVID-19 təhlükəsini aradan qaldırmaqda göstərdiyi səylər uğurlu olacaqdır.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü qeyd edir. COVID-19 pandemiyası ilə əlaqədar davam edən Fəaliyyət Planına uyğun olaraq ANAMA geniş miqyaslı mina təmizləmə əməliyyatlarını müvəqqəti olaraq dayandırmış, lakin hökümətin fövqəladə tapşırıqları ilə əlaqədar olaraq Partlayıcı Sursatların Zərərsizləşdirilməsi üzrə təcili və təxirəsalınmaz tapşırılqarı icra etməyə davam edir.

 

Bildiyimiz kimi Mina və MPQ-lərlə əlaqəli məsələlər əsasən çox ciddi bir Sosial-İqtisadi problemdir. Biz məmnuniyyətlə bildiririk ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda humanitar mina fəaliyyətinin həyata keçirilməsi üçün vəsaitin ayrılmasını da nəzərdə tutan növbəti 5 illik  Regionların   Sosial-İqtisadi İnkişaf Proqramı  təsdiqlənmişdir.

 

Beynəlxalq və Milli Mina Fəaliyyət Standartlarına və müvafiq nəşrlərə istinad edərək ANAMA insanlar və inkişaf layihələri üçün mina və müharibənin partlayıcı qalıqlarından azad və təhlükəsiz mühiti təmin etmək üçün müxtəlif növ  avadanlıqlardan, Mina Axtaran İtlərdən, mexaniki mina təmizləyici maşınlardan istifadə edir. Biz Mina/MPQ təhlükəsi üzrə maarifləndirmə işlərini davam etdirir və zərərçəkənlərin ehtiyaclarını müvafiq qurumlarla əlaqələndiririk. Həmçinin biz yerli və beynəlxalq heyət üçün təlimlər keçirir, eləcə də ölkəmiz daxilində və onun xaricində fəaliyyət göstəririk. ANAMA Azərbaycan üçün mina və MPQ-lərlə bağlı problemləri həll edən əsas qurumlardan biri olaraq qalır.

 

1998-ci ildən bu günə qədər ANAMA tərəfindən 543 445 437 m2 təhlükəli ərazilər təmizlənmiş və  təhlükəsiz istifadə üçün təhvil verilmişdir. Tərəfimizdən 807185 ədəd mina və müharibənin partlayıcı qalıqları aşkar edilərək məhv edilmişdir.  Hal-hazırda ANAMA ilk əlaqə yaradılacaq bir agentlik olaraq Daxili İşlər Nazirliyi (102 - Polis Çağrı Mərkəzi), Fövqəladə Hallar Nazirliyi (112 - Çağrı Mərkəzi), Dövlət Sərhəd Xidməti və digər orqanlardan müraciətləri  qəbul edərək qısa müddətdə təcili əməliyyat hərəkətlərini icra edir.

 

Azərbaycan müharibə vəziyyətindədir 20% torpaqları işğal altında qalmaqdadır. Biz çox çalışmalı və texniki potensialımızı inkişaf etdirməyə davam etməliyik. Çünki güman edirik ki, Azərbaycanın mina və müharibənin partlayıcı qalıqlarından tamamilə azad olmasını təmin etmək üçün uzun və çətin bir yol keçməli olacağıq.

 

Minalar barədə maarifləndirmə və Minalara qarşı mübarizəyə verdiyi dəstəyə görə BMT, bütün ölkələr, beynəlxalq təşkilatlar və donorları təbrik edir və onların səylərini yüksək qiymətləndiririk. Minatəmizləmə əməliyyatlarında iştirak edən bütün milli və beynəlxalq tərəfdaşlara cox qiymətli və şərəfli töhfələrinə görə dərin təşəkkürümüzü bildiririk. Dünya əhalisinə ən yaxın gələcəkdə COVID və Mina/MPQ problemlərindən azad bir həyat arzu edirik.

 

 

Hörmətlə,

Qəzənfər Əhmədov

ANAMA-nın Direktoru