Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA rəhbərliyi NATO Tərəfdaşliq və Kooperativ Təhlükəsizlik Komitəsinin yüngül və atici silahlar və mina fəaliyyəti üzrə AD HOC işçi qrupunun iclasinda iştirak edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Direktoru Qəzənfər Əhmədov və Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qrupunun rəhbəri Elnur Qasımov cari ilin 5-8 noyabr tarixlərində Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında NATO Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və atıcı silahlar və mina fəaliyyəti üzrə ad hoc işçi qrupunun iclasında və Azərbaycan Respublikasının NATO Yanında Nümayəndəliyi tərəfindən təşkil olunan ikitərəfli görüşlərdə iştirak etmişlər.

Sözügedən iclasda NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsi yanında Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzi tərəfindən mina fəaliyyəti sahəsində həyata keçirilmiş işlər, bu sahədə mövcud risk və çağırışlar barədə məlumat təqdim olunmuşdur.

Qeyd olunan iclasda Agentliyin fəaliyyəti və xüsusilə də Əfqanıstanda həyata keçirilən işlər barədə təqdimat verilmişdir. Bununla yanaşı, ANAMA Direktoru NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, Türkiyə Respublikasının NATO yanında Daimi nümayəndəsi cənab Basat Öztürk, Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzinin Direktoru cənab Villiam Alberque və həmin mərkəzin Direktor müavini xanım Eirini Lemos-Maniati ilə ikitərəfli görüşlərdə də iştirak etmişdir.

Azərbaycan Respublikasının NATO Yanında Nümayəndəliyi tərəfindən təşkil olunan ikitərəfli görüşlərdə Agentliyin fəaliyyəti, ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində uğurla həyata keçirilən Saloğlu və Ceyrançöl Təmizləmə Layihələrinin regionun inkişafına müsbət töhvə verməsi, gələcək əməkdaşlıq və yeni Layihələrin də davam etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.