Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Azərbaycan Respublikasi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Yubiley medali ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli  1205 nömrəli Sərəncamı ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin direktoru Qəzənfər Əhmədov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Qəzənfər Əhmədov göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib və bu etimadı doğruldacağını bildirib.

Fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə Agentlik tərəfindən indiyədək 536 038 420 kv.m ərazi təmizlənmiş, 803 953 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentliyin milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzi, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

Dövlət başçısının tapşırıqlarını rəhbər tutmaqla Agentliyin əsas hədəfi gələcəkdə işğal altında olan torpaqlar azad edildikdən sonra Agentlik tərəfindən həmin ərazilərin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənərək yerli icra strukturlarına təhlükəsiz şəkildə təhvil verilməsi və öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş vətəndaşların doğma yurdlarına qayıtması və həmin ərazilərdə yaşayış, kənd təsərrüfatı və müxtəlif sahələrin yenidən bərpa olunmasına yönəldilmişdir.