AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

МİNA TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ

MİNA TƏHLÜKƏSINƏ DAİR MAARİFLƏNDİRMƏ

Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları (MPQ) təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda mina və MPQ-lərlə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.

MTM fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək düşərgə və cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.

Demoqrafik vəziyyətin və milli təfəkkürün təhlilindən və tədqiqindən, habelə yerli əhalinin təhlükəyə məruz qalmasının səbəblərini öyrəndikdən sonra MTM istiqamətində fəaliyyətimizi aşağıdakı kimi nəzərdə tutmuşuq:

a)        əhalini maarifləndirmək bacarığına malik milli potensialın yaradılması;

b)        icma səviyyəli MTM fəaliyyətinin həyata keçirilməsi;   

c)        MTM-in sərhədyanı və cəbhəxətti rayon məktəblərinin tədris proqramına daxil edilməsi.

2000-ci ildə Respublikanın bir neçə nazirliklərinin, o cümlədən, rayon mülki müdafiə qərargahlarının və digər qeyri-hökumət qurumları (QHT) daxil olmaqla beynəlxalq və yerli təşkilatların nümayəndələrindən təşkil edilmiş MTM üzrə “İşçi Qrupu” (İQ) prioritet tapşırıqların müəyyənləşdirilməsində, cari işləri müzakirə edib illik fəaliyyət planının qəbul edilməsində böyük rol oynamışdır. 

Bir qayda olaraq, ANAMA-nın əməliyyat və yardımçı heyəti əməliyyatlara başlamazdan əvvəl və ya sahə fəaliyyəti öncəsi yerlərdə maarifləndirmə və xəbərdarlıq işlərini də həyata keçirir. Belə ki, MTM ANAMA-nın TTKT, PHS, MAİ, XMƏ qrupları tərəfindən həyata keçirilir və hal-hazırda bu iş mina aksiyası üzrə icmalarda aparılan bütün fəaliyyətin ayrılmaz tərkib hissəsini təşkil edir.  

Proqrama əsasən, icraçı “Dayaq” Azərbaycan və BAMF milli qeyri-hökumət təşkilatları da minatəmizləmə əməliyyatları zamanı sakinlərin maarifləndirilməsinə cavabdehdirlər. Yuxarıda adları çəkilən qrup və milli QHT-lər 2017-ci ildə 34 821 sakin üçün 100 təlim, müzakirə və maarifləndirmə söhbətləri aparmış, 6 189 ədəd müxtəlif növ xəbərdarlıq materialları paylamışdır. 

Regional bazalarda yaradılmış “MTM guşələri” təhlükəsiz hərəkət qaydalarının, o cümlədən məlumatların yayılması, yerli əhalinin, minatəmizləyənlərin və görüşə gələnlərin maarifləndirilməsində rolu böyükdür. 

Ötən illərdə beynəlxalq təşkilatlarla birgə “Minadan zərərçəkmiş uşaqlar/minadan zərərçəkmiş ailələrin uşaqları üçün yay düşərgələri” və  proqramın əhatə etdiyi rayonların bəzilərində minlərlə şagird arasında “Minasız dünya” devizi altında rəsm müsabiqələri  keçirilmişdir. Mina/MPQ hadisələrinin təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə mülki əhali, xüsusən məktəbli uşaqlar arasında mina və MPQ-lərdən yaralanma və ölüm halları kəskin azalmışdır.

İcma əsaslı işlər

Müharibə nəticəsində dağılmış ərazilərdə mina/MPQ hadisələrinin analizi MTM mütəxəssislərinə icma əsaslı işlərə yeni yanaşmanı tətbiq etməyə kömək etdi. Yerli sakinlərlə aparılmış görüş və keçirilmiş tədbirlərdən sonra icma üzvləri mina/MPQ-lərlə çirklənmiş ərazilərdə müstəqil fəaliyyət göstərməyə başladılar. Bu, o deməkdir ki, icma fəalları (kənd ağsaqqalı, bələdiyyə və yerli icra hakimiyyətinin məsul işçisi, məktəb direktoru, tibb/səhiyyə məntəqəsinin rəhbəri, dini/gənclər təşkilatlarının sədrləri, əyləncə mərkəzinin və mədəniyyət evinin direktoru və digərləri) bir yerə toplaşıb ANAMA rəsmisinin rəhbərliyi ilə MTM üzrə toplantı keçirirlər.

Toplantının sonunda könüllülər tərəfindən qrup rəhbəri seçilir. O, hər ayın sonunda üzvlər tərəfindən icmalarında aparılmış maarifləndirmə, xəbərdarlıq təlimləri üzrə həyata keçirilmiş işlər barədə rayon üzrə əlaqələndiriciyə (mülki müdafiə qərargahının rəisinə) hesabat təqdim edir. MMQ rəisi də, öz növbəsində, yaradılmış bütün MTM qruplarından hesabatları toplayıb, ümumiləşdirərək ANAMA-ya göndərir.

Son illərdə layihəyə maliyyə dəstəyi Azərbaycan Hökumətindən gəlmişdir. Beləliklə, bu günə kimi nəzərdə tutulmuş 10 rayonda 158 “MTM qrupu” yaradılmışdır. 

Ötən il adı çəkilən qrupların üzvləri (könüllülər) 23 637 nəfər üçün müxtəlif maarifləndirmə təlimləri, söhbətlər, müzakirələr və görüşlər təşkil etmişlər. Tədbirlər zamanı 4 719 ədəd MTM  materialı paylanmışdır. Son tədbirlər göstərdi ki, əvvəlki illərlə müqayisədə əhali bu məsələyə daha həssas yanaşır. Onlar təhlükəli tapıntı barədə yerli rəhbərliyə, ANAMA rəsmilərinə və polis orqanlarına dərhal xəbər verirlər. Bu sahədəki fəaliyyətimizi daha da yaxşılaşdırmaq məqsədilə cari ildə bir neçə sərhədboyu rayonda icma üzvləri üçün təlimlər keçirmiş, kəndlərdə yeni MTM qrupları yaradılmış və mövcud olanların tərkibi yenilənmişdir.

Ötən ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində cəbhə xəttində yerləşən Tərtər, Ağdam, Füzuli, Ağcabədi və Goranboy rayonlarının yaşayış məntəqələrinə ciddi ziyan vurulmuş, dinc əhali arasında yaralanan və ölənlər olmuşdur. Vəziyyətin ciddi olduğunu nəzərə alaraq, biz həmin rayonlarda təmizləmə əməliyyatları ilə yanaşı əhali arasında maarıfləndirmə işlərini də həyata keçirib təhlükəli sayılan sahələrdə, onların giriş-çıxışlarında iri bilbordlar basdırmışıq. 

Yalnız ötən ildə sakinlərin xəbər vermələri nəticəsində 24 mina və  4 019 MPQ götürülərək məhv edilmiş, əhalini mövcud təhlükədən qorumaq və təhlükəli ərazilərə daxil olmamaları məqsədilə bəzi sahələr, o cümlədən keçmiş hərbi bazalarin əraziləri nişanlanmışdır. 

İri ölçülü MTM (bilbordlar) lövhələri də ictimaiyyətin maarifləndirilməsində mühüm rol oynayır. Təkcə ötən ildə 100-dən çox iri plakat hazırlanmış və çirklənmiş təhlükəli ərazilərin giriş-çıxışlarında və ora aparan yolların kənarlarında quraşdırılmışdır.

Fövqəladə hallarda MTM

Ötən il Respublika Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və Şirvan şəhər ərazisində yerləşən hərbi zavodda partlayış baş verdi. Partlayış nəticəsində yüz minlərlə mərmi və digər hərbi sursatlar partlayaraq ətrafa, o cümlədən əhalinin yaşadığı ərazilərə səpələnmişdi. Hökumət tərəfindən yeni yaradılmış komissiyanın qarşıya qoyduğu tapşırıqları dərhal yerinə yetirmək üçün MTM şöbəsinin əməkdaşları da həmin bölgəyə ezam olunmuşdu. İlk olaraq yaxında yaşayan əhali arasında maarifləndirmə işlərinə başlandı, mütəxəssislərimiz ev-ev, küçə-küçə gəzərək stres, təhlükə və qorxu içində olan yerli sakinlərlə söhbət etməyə başladılar. Aparılan maarifləndirmə, demək olar ki, orada yaşayan bütün əhali təbəqəsini, o cümlədən uşaqları əhatə edə bildi, eyni zamanda ətrafa səpələnmiş mərmi qalıqları və digər sursatlar haqqında zavod ərazisində yaradılmış Baş Qərargaha gündəlik məlumat verilirdi.

Ümumiyyətlə, bir ay ərzində MTM şöbəsinin əməkdaşları tərəfindən aparılan xəbərdarlıq işləri zamanı müxtəlif adda 1446 ədəd maarifləndirmə materialı paylanmış və 2908 yerli sakin məlumatlandırılmışdır.  

Bu ilin yay ayında isə Respublika Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi bazasında partlayış baş vermiş və nəticədə minlərlə mərmi və digər partlamamış sursatlar ətraf kəndlərin ərazisinə səpələnmişdi. Hökumət tərəfindən yeni yaradılmış komissiyanın tapşırığına əsasən dərhal ətraf ərazilərdə yaşayan əhali arasında xəbərdarlıq işlərinə başlandı. Maarifləndirmə işləri məktəblərdə, fərdi evlərdə, əhalinin çox toplaşdığı yerlərdə, fermer təsərrüfatlarında, ümumiyyətlə təhlükəyə məruz qalan bütün yaşayış və qeyri-yaşayış yerlərində aparılırdı. Belə ki, qısa bir zamanda əhali təhlükədən qorundu, sonralar baş verə biləcək hadisələrin qarşısı alındı. Xəbərdarlıq işləri 9 247 yerli sakini əhatə etmiş, həmçinin onlara müxtəlif adda 898 ədəd material paylanmışdır.

Məktəb proqramı üzrə fəaliyyət

MTM-in məktəblərin tədris proqramına daxil edilməsinə dair  Azərbaycan Respublikası Təhsil Nazirliyi, ANAMA və UNİCEF rəhbərliyi arasında Anlaşma Memorandumunun (AM) imzalanması, uzun illər həyata keçirilməsini gözləyən bir sıra məsələlərin həll edilməsinə imkan verdi. 

AM imzalandıqdan sonra “Metodiki Şura” yaradıldı. Şagirdlər üçün dərslik, müəllimlər üçün vəsait hazırlanması məqsədilə qərar qəbul edildi. Bakıda tam təlim kursu keçmiş 16 nəfər “Baş Təlimatçı” müasir təlim metodlarını tətbiq və istifadə etməklə mina və MPQ-lərə məruz qalmış rayonlarda müəllimlər üçün təlimlərə başladılar.

Əvvəlki illəri də nəzərə alsaq, bu günə kimi, 26 rayon və şəhərin 1 200 məktəbində 3 635 müəllimə 195 təlim keçirilmişdir. Son 10 il ərzində təşkil edilmiş təlimlərdə  1200 kişi, 2 435 qadın müəllim iştirak etmişdir. Hər il orta məktəblərdə 55 000 şagirdə MTM dərsləri keçirilir. İndiyə kimi bu dərslər orta məktəblərin 710 000 şagirdini əhatə etmişdir.      

MTM kursunun tədrisinin nəticəsi olaraq son illərdə məktəblilər arasında mina/MPQ hadisələrinin sayı, demək olar ki, əhəmiyyətli dərəcədə azalmışdır.

Əvvəlki illərdə proqram üçün maliyyə dəstəyi ABŞ-ın Avropa Komandanlığı və UNICEF tərəfindən gəlirdisə, son illərdə bütün fəaliyyətimiz üçün vəsait Azərbaycan Hökumətindən gəlir. Builki çətinliyimiz ondan ibarətdir ki, büdcə çatışmazlığı səbəbindən fəaliyyət planımızda nəzərdə tutduğumuz dərslik və vəsaitləri təkrar çap edib məktəblilərə paylanmasını təşkil edə bilməmişik.  

Anlaşma Memorandumunun imzalandığı (2004) ildən bəri təhsil şöbələrinə 6 900 ədəd müəllim vəsaiti,   109 000 ədəd şagird dərsliyi, bunlarla yanaşı müxtəlif növdə minlərlə xəbərdaredici əyani vəsait  də çap edilərək paylanmışdır. Dərslərin daha səmərəli keçilməsi üçün həmin məktəblər müxtəlif növ təlim plakatları ilə də təmin edilmişdir.  

Milli/beynəlxalq təşkilatlarla əməkdaşlıq

ANAMA-nın həyata keçirdiyi əməliyyatların əhatə dairəsi genişləndikcə, müxtəlif  təşkilatlarla əməkdaşlıq, onların heyət üzvləri üçün MTM təlimlərinin keçirilməsi zərurətə çevrilir. Hal-hazırda ANAMA-nın MTM departamenti beynəlxalq QHT-lərin və mina təhlükəsi ilə mübarizə mərkəzlərinin əməkdaşlarına müvafiq təlim və seminarlar keçmək bacarığına malik təcrübəli mütəxəssislərə malikdir. Belə ki, ötən illərdə mina təhlükəsi ilə mübarizə və MTM təlimləri üzrə bacarıqların səmərəli istifadəsilə bağlı Əfqanıstan, Tacikistan və Gürcüstandan olan bir neçə qrup üçün təlimlərin keçirilməsi çox mühüm və əhəmiyyətli olmuşdur.

2009-cu ildən başlayaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Əfqanıstan İslam Respublikasına “qeyri-hərbi sahədə humanitar yardım layihəsi” çərçivəsində Agentlik bir neçə məqsəd üzrə fəaliyyətini davam etdirmişdir. Belə ki, minatəmizləmə sahəsində mütəxəssislərin hazırlanması ilə əlaqədar bir sıra işlərlə yanaşı, bizim dəstəyimizlə, MTM üzrə pilot  layihənin də həyata keçirilməsinə başlamışdır.

Hazırladığımız MTM dərsliyi və müəllim vəsaitini ingilis dilinə tərcümə etdikdən sonra əfqan mütəxəssislərinin köməyi ilə həmin kitabların Dari dilinə də tərcümə edilməsinə çalışmış və bu işi başa çatdırmışıq.

Pilot layihə çərçivəsində ilkin olaraq 24 000 ədəd şagird və 1500 ədəd müəllim vəsaiti Azərbaycan Hökumətinin maliyyəsi hesabına çap edilərək Əfqanıstan Respublikası Təhsil Nazirliyinə və Fövqəladə Hallar üzrə Administrasiyasına göndərilmişdir.

Proqram çərçivəsində agentliyin iki mütəxəssisi ötən illərdə Əfqanıstana ezam edilmiş və onlar ölkənin Minatəmizləmə Departamenti (DMC), BMT-nin Mina Aksiyası üzrə Əlaqələndirmə Mərkəzinin (MACCA) rəhbər işçiləri ilə rəsmi görüşlər keçirmiş, hər iki tərəf üçün vacib sayılan təkliflərlə çıxış etmişlər. Daha sonra əməkdaşlarımız Əfqanıstan Fövqəladə Hallar  üzrə Administrasiyasında, Təhsil Nazirliyində, o cümlədən ölkə Parlamentində olmuş, həmin qurumların rəsmiləri ilə səmərəli  görüşlər də keçirmişlər.

Azərbaycan Hökumətinin vəsaiti hesabına Əfqanıstan məktəbliləri üçün hazırlanmış dərslik və müəllim vəsaitlərinin Kabul şəhərində aidiyyəti qurumlara təhvil verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilmiş və bu mərasim respublikanın 5-6 televiziya və digər media vasitələri ilə yayımlanmışdır.

Səfər proqramına uyğun olaraq, DMC və MACCA mütəxəssislərinin köməyi ilə (Kabul şəhəri və Pərvan əyalətində) orta məktəblərin 950 müəllimi üçün MTM üzrə metodiki brifinqlər də keçirmişdik. Belə ki, 2010-cu ildən başlayaraq, MTM kursunun bütün orta məktəblərin tədris proqramına inteqrasiya edilməsi  Əfqanıstan Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilmişdir. Səfər zamanı paylanmış dərsliklərin məktəblərə çatdırılmasının və mövcud kursun əyalət məktəblərində tədris edilməsinin şahidi olduq.

Görüşlər zamanı, əlavə olaraq, Əfqanıstan Təhsil Nazirliyi öz mütəxəssislərinin köməyi ilə Dari dilindən Puştu dilinə tərcümə edilmiş dərsliklərdən 60 000 ədəd (30 000 Dari və 30 000 Puştu dilində) çap edilərək növbəti tədris ilində onlara göndərilməsini də xahiş etmişlər.

Məlumdur ki, ANAMA BMT İnkişaf Proqramının mina aksiyası üzrə Azərbaycan Hökuməti ilə razılaşdırdığı proqramı həyata keçirir və bu illər ərzində hər iki qurum arasında sıx əməkdaşlıq yaranmışdır. Belə ki, BMT İP-nin Azərbaycandakı nümayəndəliyinin müraciətindən sonra, artıq üçüncü ildir ki, MTM mütəxəssisləri həm onların, həm də həmin təşkilatın nəzdində fəaliyyət göstərən qurumların əməkdaşlarına  mina təhlükəsinə dair maarifləndirmə üzrə təlimlər keçirir. Bu təlimlər zamanı  ölkədə minatəmizləmə fəaliyyətinin bütün aspektlərini  əks etdirən (ANAMA haqqında) sənədli  filmin nümayişi ilə yanaşı təhlükəsiz hərəkət qaydaları və xəbərdarlıq mesajlarını, minaların törətdiyi fəsadları, yaralanmaları, iqtisadi ziyanı və respublikada olan mina qurbanları və minadan zərərçəkənlərin sayını nümayiş etdirən prezentasiyalar da təqdim edilir.

Mina/MPQ hadisələri qurbanları haqqında məlumatın toplanması və mübadiləsi məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ANAMA arasında ikitərəfli Anlaşma Memorandumu imzalanmışdır ki, bu Memorandum çərçivəsində əməkdaşlarımız onların rayon bölmələri rəhbərləri üçün hər il Bakıda təşkil edilmiş seminarda iştirak edirlər. Bütün bunlarla yanaşı, biz, AzQAC və BQXK ilə sıx əməkdaşlığı davam etdiririk. Cari ildə Agentliyik tərəfindən hazırlanan 60 ədəddən çox iri bilbord adlarını çəkdiyimiz təşkilatların əməkdaşları tərəfindən cəbhəxətti və sərhədyanı rayonların təhlükəli hesab edilən yaşayış məntəqələrinin ərazilərində basdırılmış, eyni zamanda ətrafdakı yerli sakinlər arasında maarifləndirmə və xəbərdarlıq işləri aparılmışdır. Birgə fəaliyyətin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Proqrama uyğun olaraq, iştirakçılar son bədbəxt hadisələr, illər üzrə mina qurbanları haqqında məlumat barədə təqdimatla tanış olur  və son hadisələrin təhlilini dinləyirlər. Seminar zamanı iştirakçılar ANAMA-nın mütəxəssisləri tərəfindən yeni hazırlanmış bədbəxt hadisələrə/zərərçəkənlərə aid məlumat  forması ilə işləmək imkanı qazanırlar. Adəti üzrə, sonda iştirakçıların biliyi qiymətləndirilir və onlar maarifləndirmə materialları ilə təmin edilirlər.

Biz ötən illərdə, beynəlxalq əməkdaşlıq çərçivəsində, ANAMA-da BQXK-nın, Tacikistanın, Əfqanıstanın, o cümlədən Xorvatiya Mina Aksiyasının bir qrup əməkdaşı ilə görüşmüş, onlara MTM proqramı üzrə brifinqlər vermiş və gələcək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişik. 

Monitorinq və qiymətləndirmə

MTM məktəblərin tədris proqramına daxil edildikdən sonra  ilk olaraq monitorinq və dəyərləndirmə UNİCEF, ABŞ-ın Avropa Komandanlığı, Respublika Təhsil Nazirliyinin əməkdaşları və məsləhətçiləri ilə birgə (2005-2007-ci illərdə) həyata keçirildi. Sonrakı illərdə isə bu fəaliyyət yalnız ANAMA və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən davam etdirilmiş və hal-hazırda davam etdirilir.  Aparılmış tədbirlərin nəticəsi olaraq məktəblilərin və yaşlıların mövcud mina/PHS-lərə daha həssas yanaşmaları müəyyənləşdirilmişdir. İndi onlar aşkar etdikləri təhlükəli tapıntılar barədə Agentliyə və yerlərdəki hökumət rəsmilərinə dərhal xəbər verirlər.

Monitorinqlər zamanı təlimlərin bütün iştirakçıları MTM-in şagirdlər və müəllimlər üçün faydalı olduğunu, eyni zamanda onun tədris planına salınmasının vacibliyini və əhəmiyyətini vurğulamışlar. Keyfiyyət  baxımından  müəllimlər  müxtəlif vəziyyətləri əks etdirən şəkillər və illüstrasiyalar verilmiş dərsliklərin və tədris vəsaitlərinin ətraflı, sadə və şagirdlər tərəfindən daha çox anlaşıldığını, onlar üçün daha maraqlı olduğunu qeyd etmişlər. Bir qayda olaraq, hər il BMT-nin təsis etdiyi Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü (4 aprel) podrat təşkilatlarla (BAMF və “DAYAQ” Azərbaycan) birgə nəzərdə tutulmuş bütün rayonlarda, o cümlədən məktəblərdə qeyd olunur. Bu günün əhəmiyyəti, ümumiyyətlə mina aksiyasının mahiyyəti və onun ölkə iqtisadiyyatındakı, xüsusən əhalinin təhlükəsizliyinin təmin edilməsində rolu barədə yerli televiziya və radio proqramlarında çıxışlar  edir, müsahibələr verir, bütün bunlarla yanaşı  Agentlikdə media işçiləri üçün mətbuat konfransı da təşkil edilir.