“Heydər Əliyev İli” çərçivəsində ANAMA-nın sahə əməkdaşlarının iştirakı ilə mini-futbol turnirinə start verilib

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan ANAMA əməkdaşları arasında mini-futbol turnirinə start verilib.

15 iyun - Milli Qurtuluş Günündə açılış mərasimi baş tutan turnirin 15 iyul Agentliyin yaradılmasının 25 illik ildönümü ərəfəsində başa çatması nəzərdə tutulub.

Agentliyin Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə həyata keçirilən turnir çərçivəsində ANAMA əməkdaşlarından ibarət 8 komanda mübarizə aparacaq. Turnirinilk qarşılaşması Agentliyin Xocavənd mobil bazasında Şuşa və Xocavənd komandaları arasında baş tutub.

Oyundan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin açılış tədbirində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, İdarə Heyəti sədrinin müavini Samir Poladov, Futbolun İnkişaf Fondunun İcraçı Direktoru Tural Piriyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov, BAMF-ın prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev və digər qonaqlar iştirak ediblər.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov açılış nitqi ilə çıxış edərək komandalara uğurlar arzu edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş turnirin əhəmiyyətindən söz açaraq Ulu Öndər tərəfindən əsası qoyulmuş idman siyasətininin inkişaf yolundan, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.

Keçiriləcək növbəti oyunların Agentliyin digər mobil bazalarında baş tutması nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA-nın təşəbbüsü ilə həyata keçirilən ilk futbol turnirində Xocavənd komandası 4:1 hesabı ilə qalib gəlib.