Azerbaijan National Agency for Mine Action

ANAMA-NATO/NSPA SNT Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların təmizlənməsi birgə layihəsinin 2-ci Mərhələsinin açılış mərasimi

8 iyul 2014 – cü il tarixdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların təmizlənməsi birgə layihəsinin 2-ci Mərhələsinin açılış mərasimini keçirdi. Four Seasons mehmanxanasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Nazirin Müavini cənab Abid Şərifov, NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, NATO Dəstək Agentliyinin (NSPA) Baş Meneceri cənab Mayk Layden, Azərbaycanda akkreditə olunmuş Diplomatik Nümayəndəliklərin, Səfirliklərinin və NATO/NSPA nümayəndələrinin, eləcə də Azərbaycan Hökumətinin yüksək səviyyəli hökumət rəsmiləri iştrak etmişdir.



Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir.



Qeyd olunmuş Layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənmiş və 14,654 PHS və 173 mina tapılaraq zərərsizləşdirilmişdir.



Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilmiş və 24 ay müddətində 23.584.545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulmuşdur. Amerika Birləşmiş Ştatları bu layihə üzrə aparıcı ölkədir. Azərbaycan Höküməti bu vəziyyətlə bağlı dərindən maraqlanmış və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ikinci mərhələsi üzrə ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırmışdır.



ANAMA Direktoru, cənab Nazim İsmayılov öz giriş nitqində Azərbaycanda mövcud PHS probleminin miqyasından bəhs etdi və NATO SNT Proqramı çərçivəsində həyata keçirilən layihənin yüksək əhəmiyyətini vurğuladı. Həmçinin Layihənin birinci mərhələsinin müvəfəqiyyətlə başa çatdırılmasına və ikinci mərhələsinin başlanmasına dəstək göstərən bütün donor ölkələrə öz təşəkkürünü bildirdi.



Azərbaycan hökuməti adından layihənin koordinatoru Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifov vurğuladı ki, bu günədək ölkəmizdə ANAMA tərəfindən istər Saloğluda, istər Ceyrançöldə, istərsə də başqa ərazilərdə minlərlə hektar torpaq təmizlənərək insanların istifadəsinə verilib və həmin ərazilərdə insanlar artıq özləri üçün şərait yaradırlar.



NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay öz nitqində bildirdi ki, Azərbaycanla NATO arasındakı əlaqələri yüksək qiymətləndirir və Azərbaycan tərəfinə yüksək səviyyəli əməkdaşlığa görə öz dərin təşəkkürünü bildirdi.



NATO Dəstək Agentliyinin (NSPA) Baş Meneceri cənab Mayk Layden öz növbəsində qeyd etdi ki, Azərbaycan Hökuməti və NATO tərəfdən güclü siyasi dəstəyə malik olan və yüksək səviyyəli bacarığı olan belə bir Agentliklə bu kimi Layihələri həyata keçirmək çox asandır. Eyni zamanda mən çox şadam ki, Amerika Birləşmiş Ştatları yenə də Layihədə aparıcı ölkə olaraq öz rolunu davam edir.



“Hal-hazırda, biz ANAMA ilə birgə böyük bir poliqonun uğurlu təmizləmə əməliyyatını həyata keçiririk və inanırıq ki, bu Layihə də digər Layihələr kimi ikitərəfli əməkdaşlığı əks etdirən bir uğur hekayesi olacaq” deyə NATO/NSPA Proqram Meneceri, cənab Bulent Tudes vurğuladı.



ABŞ-ın Azərbaycandakı Səfiri cənab Riçard Morninqstar qeyd etdi ki, NATO SNT Etimad Fondu Layihəsində aparıcı rol oynayan ABŞ Ceyrançöl Layihəsinin növbəti mərhələsində aparıcı rol oynamaqdan qürur duyur və qarşıdan gələn 2 il ərzində ABŞ ANAMA-ya əlavə 23 kv.km. ərazinin təmizlənməsi və təhlükəsizliyinin təmin olunması səylərinə dəstək verəcəkdir. Həmçinin bu Layihənin keçmiş iş fəaliyyətlərinə arxalanması və ANAMA-nın regional bacarıqlarının inkişafına töhfə verməsi də bizi məmnun edir deyə cənab Səfir vurğuladı.



ANAMA Əməliyyat Meneceri, cənab Samir Poladov ANAMA-NATO/NSPA birgə layihəsi olan “Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi” barədə ətraflı təqdimatla çıxış etdi.



Tədbirin sonunda NATO Dəstək Agentliyinin (NSPA) Baş Meneceri cənab Mayk Layden tərəfindən NATO Layihələrində 10 il ərzində çalışan ANAMA heyəti uğurlu iş fəaliyyətinə görə sertifikatla təltif olundu.



Qonaqlar TTKT Qurumu tərəfindən təşkil olunmuş təlim avadanlıqları sərgisi və MTM şöbəsi tərəfindən hazırlanmış Mina Təhlükəsinə dair Maarifləndirməyə aid güşə ilə tanış oldular.