Xorvatiyada Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə 20-ci Beynəlxalq Simpozium keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin məsul şəxsləri Xorvatiyanın Cavtat şəhərində keçirilən Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə 20-ci Beynəlxalq Simpoziumda iştirak ediblər.

Beynəlxalq tədbirdə Xorvatiyanın bir sıra dövlət qurumlarının rəsmiləri, müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak edib.

Sözügedən simpozium çərçivəsində mina təhlükəsi mövzusunda texniki və idarəetmə problemlərinin həlli yolları, ən son elmi və praktiki nailiyyətlər və minalarla mübarizəyə dair təcrübə mübadilələri aparılıb, o cümlədən müxtəlif şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar nümayiş olunub.

Tədbirdə Agentliyin nümayəndə heyəti ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə təqdimatla çıxış edib, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyinə toxunublar.