“Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda tədbir keçirilib

Ölkəmizin üzləşdiyi mina probleminin ətraf mühitə və sosial inkişafa yaratdığı maneələrin müzakirəsi, eləcə də bu istiqamətdə birgə həll yollarına dair fikir mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai  dinləmə keçirilib.

          Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatları, diplomatik korpus nümayəndələri, eləcə də yerli və beynəlxalq qurumların rəsmiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və  ekologiya komitəsinin sədri, Sadiq Qurbanov tədbirin aktuallığı barəsində məlumat verərək bildirib: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qaydışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin  təmizlənməsidir. Təsadüfi deyil ki, Prezident Ali Baş Komandan cənab İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərin  iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin əlavə edilməsini təklif edib. Həmçinin, Qoşulmama Hərəkatında Mina təsirinə məruz qalmış ölkələrin həmfikirlər qurupunun yaradılması sahəsində intensiv iş aparılır. Bugünkü dinləmə cənab Prezidentin bu sahədə irəli sürdüyü tezislərin dəstəklənməsi məqsədi daşıyır”. Sonra Sadiq Qurbanov dinləmənin keçirilməsinə şərait yaratdığı üçün Milli Məclisin sədri spiker Sahibə Qafarovaya öz təşəkkürünü bildirib. 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizədə ekoloji tarazlığın qorunması” mövzusunda və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər” mövzusunda çıxış edib.  

 Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin ətraf mühitə təsiri” mövzusunda çıxış edərək mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olması, kənd təsərrüfatı üçün münbit torpaqların strukturuna mənfi təsir göstərməsini vurğulayıb. Minalarla çirklənmiş ərazilər eko-sistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaratdığını bildirib.

BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andeeva “Dayanıqlı inkişaf məqsədləri üçün minaların ekosistemə təsirinin aradan qaldırılması” mövzusunda nitqində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uğuru üçün qlobal təcrübəyə əsaslanaraq yerli, milli və beynəlxalq tərəflər arasında güclü tərəfdaşlığın vacib amillərdən olduğunu qeyd edib. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı “Mina problemi və beynəlxalq səylər” mövsuzunda çıxış edib.

Tədbir zamanı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən video çarx təqdim edilib.  

Sonda, tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb.