Laçın rayonuna növbəti köçü baş tutan sakinlər üçün ANAMA tərəfindən maarifləndirmə təlimi keçirilib

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı çərçivəsində növbəti mərhələdə köç edən 22 ailəyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilib. Təlimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Bakı Abadlıq” MMC-nin əməkdaşlarının da iştirakçılarla görüşü baş tutub.


Öz doğma yurdları olan Laçın şəhərinə son mərhələ də daxil olmaqla indiyədək geri dönən ümumilikdə 150-dən çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələr, təhlükəli ərazilərin əlamətləri haqda məlumatlar verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən broşur və posterlər paylanılıb.


ANAMA tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimləri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-qurucluq layihələrinə uyğun olaraq öz yurdlarına geri qaytarılan sakinlərə irəliləyən zamanlarda da keçirilməyə davam etdiriləcəkdir. Zəngilanın Ağalı kəndində vətəndaşların təhlükəsiz şəkildə yaşayışı və fəaliyyət göstərməsi bu cür təlimlərin faydasının bariz nümunəsidir.


Hər bir vətəndaş bilməlidir ki, verilən təlimatlara əsasən öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə həm özünü, həm də ailəsini baş verə biləcək bədbəxt hadisələrdən qoruyaraq, dövlətin bu istiqamətdə icra etdiyi fəaliyyətə öz müsbət töhfəsini vermiş olacaqdır.

 


Unutmayaq ki, partlayıcı qurğular insanlar arasında heç bir fərq qoymur!