Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Mina təhlükəsinə dair maarifləndirmə

Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları (MPQ) təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda mina və MPQ-lərlə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.

Proqramımız respublikanın 26 rayon və şəhərini əhatə edir. Həmçinin bura işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək düşərgə və cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.

Demoqrafik vəziyyətin və milli təfəkkürün təhlilindən və tədqiqindən, habelə yerli əhalinin təhlükəyə məruz qalmasının səbəblərini öyrəndikdən sonra MTM istiqamətində fəaliyyətimizi aşağıdakı kimi nəzərdə tutmuşuq:

1. əhalini maarifləndirmək bacarığına malik milli potensialın yaradılması;
2. icma səviyyəli MTM fəaliyyətinin həyata keçirilməsi.
3. MTM-in sərhədyanı və cəbhəxətti rayon məktəblərinin tədris proqramına daxil edilməsi.

2000-ci ildə respublikanın bir neçə nazirliklərinin, o cümlədən rayon icra hakimiyyətləri və digər qeyri hökumət qurumları (QHT) daxil olmaqla beynəlxalq və yerli təşkilatların nümayəndəlrindən təşkil edilmiş MTM üzrə “İşçi Qrupu” (İQ) prioritet tapşırıqların müəyyənləşdirilməsində, cari işləri müzakirə edib illik fəaliyyət planının qəbul edilməsində böyük rol oynamışdır.  

Bir qayda olaraq, ANAMA-nın əməliyyat və yardımçı heyəti, o cümlədən milli qeyri-hökumət (DAYAQ, BAMF) təşkilatlarının əməkdaşları əməliyyatlara başlamazdan əvvəl və ya sahə fəaliyyəti öncəsi yerlərdə maarifləndirmə və xəbərdarlıq işlərini də həyata keçirir. Hal-hazırda bu iş mina aksiyası üzrə icmalarda aparılan bütün fəaliyyətin ayrılmaz tərkib hissəsini təşkil edir.

Mina/MPQ hadisələrinin təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə mülki əhali, xüsusən məktəbli uşaqlar arasında mina və MPQ-lərdən yaralanma və ölüm halları kəskin azalmışdır.

İcma əsaslı işlər
Yerli sakinlərlə aparılmış görüş və keçirilmiş tədbirlərdən sonra icma üzvləri mina/MPQ-lərlə çirklənmiş ərazilərdə müstəqil fəaliyyət göstərməyə başladılar. Könüllülər tərəfindən seçilmiş qrup rəhbəri hər ayın sonunda icmalarda aparılmış maarifləndirmə, xəbərdarlıq təlimləri üzrə həyata keçirilmiş işlər barədə rayon əlaqələndiricisini məlumatlandırır, o da öz növbəsində rayon üzrə bütün “MTM qrupları”ndan hesabatları toplayıb, ümumiləşdirərək ANAMA-ya göndərir.

Mütəxəssislərimiz tərəfindən bu günə kimi nəzərdə tutulmuş 10 rayonda 158 “MTM grupu” yaradılmışdır. 

Ötən il qrup könüllüləri 26 663 nəfər üçün müxtəlif maarifləndirmə təlimləri, söhbətlər, müzakirələr və görüşlər təşkil etmişlər. Tədbirlər zamanı 190 ədəd MTM  materialı paylanmışdır. Araşdırmalarımız göstərir ki, əvvəlki illərlə müqayisədə əhali bu məsələyə daha həssas yanaşır. Onlar təhlükəli tapıntı barədə yerli orqanlara, ANAMA rəsmilərinə, FHN-nin və DİN-in “qaynar xətlərinə” dərhal xəbər verirlər.

Yalnız ötən ildə sakinlərin xəbər vermələri nəticəsində 16 mina və  4 841 MPQ barədə məlumat daxil olmuşdur.

İri ölçülü MTM lövhələri də ictimaiyyətin maarifləndirilməsində mühüm rol oynayır. Təkcə ötən illərdə 100-dən çox iri plakat hazırlanmış və çirklənmiş təhlükəli ərazilərin giriş-çıxışlarında və yolların kənarlarında quraşdırılmışdır.

İcma ilə bağlı fəaliyyətimizi növbəti illərdə də davam etdirəcəyik, belə ki, 10 cəbhə bölgəsi rayonunun 158 icmasında “MTM qrupları”nın fəaliyyətinin daha da yaxşılaşdırılması, üzvlərinin yenidən seçilməsi, onların xəbərdarlıq materialları ilə təmin edilməsi, eyni zamanda təhlükəli hesab edilən sahələrdə iri ölçülü plakatların quraşdırılmasının təşkilini və onların yeniləri ilə əvəz edilməsini də nəzərdə tutmuşuq.

Fövqəladə hallarda MTM
Ötən illərdə respublikanın strateji əhəmiyyətli bəzi obyektlərində partlayış hadisələri qeydə alındı. Belə ki, ilk partalayış Şirvan şəhər ərazisində yerləşən hərbi zavodda baş verdi. Nəticədə minlərlə mərmi və hərbi sursat partlayaraq ətrafa, o cümlədən əhalinin yaşadığı ərazilərə səpələndi. Yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün dərhal, digər qruplarla birgə, MTM şöbəsinin əməkdaşları da hadisə baş verən bölgəyə ezam olundular. İlk olaraq yaxında yaşayan əhali arasında maarifləndirmə işlərinə başlandı, mütəxəssislərimiz ev-ev, küçə-küçə gəzərək təhlükə içində olan yerli sakinlərlə söhbət etməyə başladılar. Aparılan maarifləndirmə, demək olar ki, orada yaşayan bütün əhali təbəqəsini, o cümlədən uşaqları əhatə edə bildi, eyni zamanda ətrafa səpələnmiş mərmi qalıqları və digər sursatlar haqqında zavod ərazisində yaradılmış Baş Qərargaha gündəlik məlumat verildi.

Ümumiyyətlə, bir ay ərzində MTM şöbəsinin əməkdaşları tərəfindən aparılan xəbərdarlıq işləri zamanı müxtəlif adda 1 446 ədəd maarifləndirmə materialı paylanaraq 2 908 yerli sakin məlumatlandırıldı. Növbəti partlayış hadisəsi isə Xızı rayonunda yerləşən hərbi bazada baş verdi və nəticədə minlərlə mərmi və digər partlamamış hərbi sursat ətraf kəndlərin ərazisinə səpələndi. Hökumət tərəfindən yaradılmış komissiyanın tapşırığına əsasən dərhal ətraf ərazilərdə yaşayan əhali arasında xəbərdarlıq işlərinə başlanıldı. Maarifləndirmə işləri məktəblərdə, evlərdə, əhalinin daha çox toplaşdığı yerlərdə, fermer təsərrüfatlarında, ümumiyyətlə təhlükəyə məruz qalan bütün yaşayış və qeyri-yaşayış yerlərində aparılırdı. Demək olar ki, qısa bir zamanda əhali təhlükədən xəbərdar oldu, sonralar baş verə biləcək hadisələrin qarşısı alındı. Xəbərdarlıq və maarifləndirmə işləri 9 247 yerli sakini əhatə etmiş, eyni zamanda onlara müxtəlif adda 898 ədəd material paylanmışdır.

 

Məktəb proqramı üzrə fəaliyyət
MTM-in məktəblərin tədris proqramına daxil edilməsinə dair  Azərbaycan Respublikası Təhsil Nazirliyi, ANAMA və UNİCEF rəhbərliyi arasında Anlaşma Memorandumunun (AM) imzalanması, uzun illər həyata keçirilməsini gözləyən bir sıra məsələlərin həll edilməsinə imkan verdi. 

Memorandum imzalandıqdan dərhal sonra “Metodiki Şura” yaradıldı. Şagirdlər üçün dərslik, müəllimlər
üçün vəsait hazırlanması məqsədilə qərar qəbul edildi. Tam təlim kursu keçmiş 16 nəfər “Baş Təlimatçı” müasir təlim metodlarını tətbiq və istifadə etməklə mina və MPQ-lərə məruz qalmış rayonlarda müəllimlər üçün təlimlərə başladılar.

Əvvəlki illəri də nəzərə alsaq, bu günə kimi 26 rayon və şəhərin 1 200 məktəbində 3 635 müəllimə 195 təlim keçirilmişdir. Son 10 il ərzində təşkil edilmiş təlimlərdə 1200 kişi, 2 435 qadın müəllim iştirak etmişdir. Hər il orta məktəblərdə 55 000 şagirdə MTM dərsləri keçilir. İndiyə kimi bu dərslər orta məktəblərin 765 000 şagirdini əhatə etmişdir.      

MTM kursunun tədrisinin nəticəsi olaraq son illərdə məktəblilər arasında mina/MPQ hadisələrinin sayı, demək olar ki, əhəmiyyətli dərəcədə azalmışdır. 

Anlaşma Memorandumunun imzalandığı (2004) ildən bəri təhsil şöbələrinə 6 900 ədəd müəllim vəsaiti,   109 000 ədəd şagird dərsliyi, bunlarla yanaşı müxtəlif növdə minlərlə xəbərdaredici əyani vəsait  də çap edilərək paylanmışdır. Dərslərin daha səmərəli keçilməsi üçün proqramın əhatə etdiyi məktəblər hər il müxtəlif növ təlim plakatları ilə təmin edilirlər.

Strateji planımıza əsasən 2020-ci ildə 1200 məktəbdə monitorinqlərin keçirilməsi, o cümlədən məktəblərin təlim plakatlarına və dərsliklərə olan ehtiyaclarını öyrənərək, əlavə materialların çap edilməsini də nəzərdə tutmuşuq.   

Milli/beynəlxalq təşkilatlarla əməkdaşlıq
Mina/MPQ hadisələri qurbanları haqqında məlumatın toplanması və mübadiləsi məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ANAMA arasında ikitərəfli Anlaşma Memorandumu imzalanmışdır. Həmin sənədə əsasən onların rayon bölmələrinin əməkdaşları mina/MPQ hadisələri baş verdikdən bir neçə gün sonra xüsusi İMSMA sorğu anketlərini doldurub bizə təqdim edirlər. Bütün bunlarla yanaşı, AzQAC və BQXK ilə sıx əməkdaşlıq çərçivəsində Agentliyimiz tərəfindən hazırlanan 60 ədəddən çox iriölçülü plakat (billboard) cəbhəxətti və sərhədyanı rayonların təhlükəli hesab edilən yaşayış məntəqələrinin ərazilərində basdırılmış, eyni zamanda ətrafdakı yerli sakinlər arasında maarifləndirmə və xəbərdarlıq işləri aparılmışdır.                                

Hal-hazırda ANAMA-nın MTM departamenti beynəlxalq QHT-lərin və mina təhlükəsi ilə mübarizə mərkəzlərinin əməkdaşlarına müvafiq təlim və seminarlar keçmək bacarığına malik təcrübəli mütəxəssislərə malikdir. Belə ki, ötən illərdə mina təhlükəsi ilə mübarizə və MTM təlimləri üzrə bacarıqların səmərəli istifadəsilə bağlı Əfqanıstan, Tacikistan, Şeşenistan və Gürcüstandan olan bir neçə qrup üçün təlimlərin keçirilməsi çox mühüm və əhəmiyyətli olmuşdur.

2009-cu ildən başlayaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Nazirlər Kabinetinin Əfqanıstan İslam Respublikasına “qeyri-hərbi sahədə humanitar yardım layihəsi” çərçivəsində Agentliyimiz  bir neçə məqsəd üzrə fəaliyyətini davam etdirmişdir. Minatəmizləmə sahəsində mütəxəssislərin hazırlanması ilə əlaqədar bir sira işlərlə yanaşi, bizim dəstəyimizlə, MTM üzrə pilot  layihənin də həyata keçirilməsinə start verilmişdir.

Hazırladığımız “Mina Təhlükəsi” adlı dərsliyi və müəllim vəsaitini ingilis dilinə tərcümə etdikdən sonra əfqan mütəxəssislərinin köməyi ilə həmin kitabların Dari dilinə də tərcümə edilməsinə nail olmuşuq.

Pilot layihə çərçivəsində ilkin olaraq 24 000 ədəd şagird və 1500 ədəd müəllim vəsaiti Azərbaycan Hökumətinin maliyyəsi hesabına çap edilərək Əfqanıstan Respublikası Təhsil və Fövqəladə Hallar Nazirliklərinə təhvil verilmişdir.

Əfqanıstana ezam olunmuş ANAMA mütəxəssisləri ölkənin Minatəmizləmə Departamenti (DMC), BMT-nin Mina Aksiyası üzrə Əlaqələndirmə Mərkəzinin (MACCA) rəhbər işçiləri ilə rəsmi görüşlər keçirmiş, hər iki tərəf üçün vacib sayılan təkliflərlə çıxış etmişlər. Daha sonra əməkdaşlarımız Əfqanıstan Fövqəladə Hallar, Təhsil Nazirliyi, o cümlədən ölkə Parlamentində olmuş, həmin qurumların rəsmiləri ilə səmərəli  görüşlər keçirmişlər.

Azərbaycan Hökumətinin vəsaiti hesabına Əfqanıstan məktəbliləri üçün hazırladığımız dərslik və müəllim vəsaitlərinin Kabil şəhərində aidiyyəti qurumlara təhvil verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilmiş və bu mərasim respublikanin 5-6 televiziya və digər media vasitələri ilə yayimlanmışdır.

Səfər proqramına uyğun olaraq, DMC və MACCA mütəxəssislərinin köməyi ilə (Kabil şəhəri və Pərvan əyalətində) orta məktəblərin 950 müəllimi üçün MTM üzrə metodiki brifinglər də keçirmişik. Belə ki, 2010-cu ildən başlayaraq, Azərbaycanda tətbiq etdiyimiz MTM kursu formatının bütün orta məktəblərin tədris proqramına inteqrasiya edilməsi  Əfqanıstan Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilmişdir.