Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Azərbaycanda iki cür mina/partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və işğaldan azad edilmiş ərazilərdə olan mina/PHS problemi. Layihə elə işlənilib ki, hazırda işğaldan azad edilmiş torpaqlarda tədqiqat, xəritəçəkmə və minatəmizləmə əməliyyatlarının aparılmasına və gələcəkdə işğaldan azad ediləcək torpaqlarda PHS probleminin həlli istiqamətində hazırlıq işlərinin aparılmasına şərait yaratsın.

Vəzifələr
Layihənin əsas vəzifəsi hazırda işğaldan azad edilmiş ərazilərdə mina/PHS-ə dair bütün fəaliyyətin planlaşdırılması, əlaqələndirilməsi və idarə edilməsini və gələcəkdə azad ediləcək ərazilərdə həmin işlərin davam etdirilməsini həyata keçirə bilən milli potensialın yaradılması.

Layihənin nəticəsi
Bu layihə minaların partlaması nəticəsində baş verən ölüm və zərərçəkmə hallarının sayını azaldaraq məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına şərait yaradacaq. Layihə həmçinin infrastrukturun yenidənqurulması və bərpasına, əhalinin gəlir mənbəyi yaradan fəaliyyət ilə məşğul olmasına və qida ehtiyaclarının ödənilməsinə imkan yaradacaq.

Layihənin əsas nailiyyət və nəticələri

ANAMA-nın Bakı şəhərində yerləşən Baş Qərargahı, Füzulidə yerləşən Regional Bazası, Göygöldəki Regional Təlim Mərkəzi, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi mövcuddur. 
- Mina Təsirinin Tədqiqatı başa çatıb, əldə olunan məlumatlar xəritələrə köçürülüb və saxlanılır
- Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) təlimləri tədris proqramına daxil edilərək müharibədən zərərçəkmiş ərazilərdə yerləşən 1200 məktəbdə hər il təxminən 55,000 şagirdi əhatə edir
- Müharibədən zərərçəkmiş 10 regionda 158 icma əsaslı MTM komitələri fəaliyyət göstərir
- Azərbaycanda Mina Təhlükəsilə Mübarizə sahəsində 584 işçi, 6 Mexaniki Minatəmizləmə Maşını (MMM) və 40 Minaaxtaran İt (MAİ) fəaliyyət göstərir
- Milli Təlim və Keyfiyyətə Təminat Qurumu yaradılaraq işə tam hazır vəziyyətdədir
- 539 936 944 kv.m ərazi ixtisar edilib, təmizlənib və yerli hakimiyyət orqanlarına təhvil verilib, 805 776 ədəd mina və partlamamış hərbi sursat (PHS)  tapılaraq zərərsizləşdirilib
- Ölkədə minadan zərərçəkənlərin ehtiyaclarının öyrənməsinə dair tədqiqat aparılıb.