AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA Direktorunun nitqi

Agentliyin qarşısında qoyulan əsas vəzifə Beynəlxalq Minatəmizləmə Standardlarını (BMS) dəstəkləyən Milli Minatəmizləmə Standardlarına uyğun şəkildə təmizlənməsi mümkün olan ərazilərdə və işğaldan azad ediləcək torpaqlarda humanitar minatəmizləmə işlərini həyata keçirməkdən ibarət idi. Bu da bir faktdır ki, Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlarla (PHS) çirklənməsi erməni işğalçılarının təcavüzü, eləcə də Sovet ordusundan qalan hərbi bazalar, poliqonlar və depolar nəticəsində yaranmışdır.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA fəaliyyətinin ilk illərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP), ABŞ Dövlət Departamenti, Avropa Komissiyasi və digər beynəlxalq ekspertlərlə birlikdə milli potensial yaratmağa müvəffəq olmuşdur.

Hal-hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, xüsusi təyinatlı dərin yoxlama cihazlarına, bu sahədə istifadə olunan ən müasir avadanlıqlara, regional bazalara, təlim mərkəzlərinə, Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumuna və Xüsusi Mobil Çevik Əməliyyat Qrupuna malikdir. ANAMA-nın Mina Təhlükəsinə Dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2009-2013 və 2014-2018-ci illər üçün “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək 523 990 199 kv.m. ərazi mina və PHS-lərdən təmizləmiş, 796 754 mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir.

Bununla yanaşı, ANAMA beynəlxalq təşkilatlar və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini də uğurla həyata keçirir və eyni zamanda Türkiyə və Gürcüstda humanitar minatəmizləmə fəaliyyətində də yaxından iştirak etmişdir.

Azərbaycan Hökumətinin tapşırığına müvafiq olaraq, mina/PHS təsirinə məruz qalan ölkələrin milli potensialının inkişaf etdirilməsinə dəstək məqsədi ilə Regional Təlim Mərkəzi yaradıldı və 2009-cu ildən etibarən ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Türkiyə, Əfqanıstan, Gürcüstan, Tacikistan və Ukraynadan olan mütəxəssislər üçün təlimlər keçirir. Bu sahədəki fəaliyyət gələcəkdə də davam etdiriləcəkdir.

Hörmətlə

Qəzənfər Əhmədov